RU

Liderlərin üçtərəfli görüşü yeni mərhələnin başlanğıcıdır

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri və Azərbaycan-Türkmənistan-Özbəkistan liderlərinin ilk üçtərəfli zirvə görüşü regional geosiyasi mənzərədə yeni mərhələnin başlanğıcını göstərir. Bu hadisə Avrasiya məkanında strateji güc balansının dəyişdiyi bir zamanda iqtisadi, enerji və logistika marşrutlarının yenidən formalaşmasına təkan verən mühüm siyasi qərar kimi qiymətləndirilə bilər. Qlobal enerji böhranı, Rusiya marşrutlarının məhdud imkanları və İran üzərindən keçən yolların riskləri Orta Dəhlizi və alternativ istiqamətləri strateji prioritetə çevirib. Bu baxımdan Avazada keçirilən görüşün nəticələri yalnız üç ölkə üçün deyil, bütün region üçün tarixi əhəmiyyət daşıyır."

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Milləd vəkili bildirib ki, Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər görüşün əsas mahiyyətini açıq şəkildə ifadə edir:

"Bu, qardaşlıq üzərində qurulan əməkdaşlıq formatıdır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Türkmənistan əsrlər boyu ortaq tarixə, mədəniyyətə söykənən münasibətləri müstəqil dövlətlər kimi yeni müstəviyə daşıyır. İmzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması yalnız simvolik jest deyil, bu qardaşlığın real məzmununu əks etdirir. Türkmənistanın işğaldan azad edilmiş Füzulidə məscid inşa etməsi barədə qərar isə mənəvi həmrəyliyin parlaq nümunəsidir. 

Eyni yanaşma Azərbaycan-Özbəkistan münasibətlərində də özünü göstərir. Xankəndidə fəaliyyətə başlayan böyük tikiş fabriki, Füzulidə inşa edilmiş 960 şagirdlik məktəb kimi layihələr yalnız humanitar jest deyil, bölgənin sosial-iqtisadi dirçəlişinə verilən töhfədir. Prezident İlham Əliyevin mükəmməl şəkildə vurğuladığı kimi, “Biz sözdə yox, əməldə qardaşıq”. Bu, sadəcə bir ifadə deyil, konkret faktlarla təsdiqlənən reallıqdır.

Avaza görüşünün strateji əhəmiyyəti isə üçtərəfli əməkdaşlıq formatının rəsmən yaradılması ilə bağlıdır. Prezidentin sözlərinə görə, müvafiq dövlət qurumlarına göstərişlər verilib ki, birgə fəaliyyət mexanizmi yaradılsın və növbəti görüşdə nəqliyyat, logistika, enerji və mədəniyyət sahələrində konkret layihələr təqdim olunsun. Bu isə Avrasiyada yeni inteqrasiya xəritəsinin konturlarını cızır."

 

Deputatın sözlərinə görə, Orta Dəhliz bu əməkdaşlıq formatının mərkəzində dayanır:

"Çin-Orta Asiya-Xəzər hövzəsi-Cənubi Qafqaz-Türkiyə-Avropa marşrutu artıq qlobal ticarətin mühüm alternativ yoludur. Hazırda bu marşrut üzrə daşınan yükün həcmi təxminən 10 milyon ton təşkil edir, lakin məqsəd 2030-cu ilə qədər bu rəqəmi 50 milyon tona çatdırmaqdır. Azərbaycan bu prosesin əsas təşəbbüskarlarından biri kimi Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri layihələri reallaşdırıb. Türkmənistan və Özbəkistanın aktiv iştirakı ilə Orta Dəhliz həm iqtisadi, həm də geosiyasi baxımdan daha dayanıqlı struktur qazanacaq."

 

Azər Kərimli bildirib ki, Zəngəzur dəhlizi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır:

"Onun açılması Orta Dəhlizin çevikliyini artıracaq, Naxçıvan üzərindən Türkiyəyə və Avropaya birbaşa çıxışı təmin edəcək. Bu, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək və regionu qlobal logistika sistemində strateji oyunçuya çevirəcək. İki dəhlizin sinerjisi təkcə iqtisadi fayda verməyəcək, həm də regiondaxili siyasi sabitliyə töhfə verəcək.

Enerji əməkdaşlığı perspektivləri isə bu formatın ən mühüm istiqamətlərindən biridir. Türkmənistanın zəngin qaz ehtiyatlarının Avropaya çıxarılması üçün ən real marşrut Azərbaycan üzərindən keçir. Cənub Qaz Dəhlizi bu baxımdan baza rolunu oynaya bilər, lakin əlavə interkonnektorların yaradılması tələb olunur. Bununla yanaşı, elektrik enerjisi sahəsində inteqrasiya və Xəzər dənizində bərpa olunan enerji layihələrinin reallaşdırılması gündəmdədir. Azərbaycanın Avropa ilə imzaladığı yaşıl enerji müqavilələri Türkmənistan və Özbəkistan üçün də geniş imkanlar açır.

Avazada keçirilən sammitin nəticəsində imzalanan sənədlər, yalnız mövcud çağırışlara cavab verən tədbir deyil, sabahın iqtisadi xəritəsini müəyyənləşdirən strateji qərarlardır. İmzalanan sənədlər, verilən mesajlar gələcək nəsillərə daha təhlükəsiz, daha inteqrasiya olunmuş, iqtisadi cəhətdən güclü bir region bəxş edəcək. Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji və nəqliyyat layihələri türk dövlətlərini bir-birinə bağlayan yeni iqtisadi arteriyalardır. Bu arteriyalarla hərəkət edən yalnız yüklər deyil, həm də qardaşlıq, həmrəylik və gələcəyə inamdır. Türkmənistanda keçirilən zirvə görüşü isə, sadəcə diplomatik hadisə deyil, Avrasiyada güc balansına ciddi təsir göstərən, türk dünyasını qlobal iqtisadi güc kimi möhkəmləndirən tarixi bir başlanğıcdır."

Избранный
80
1
modern.az

10Источники