RU

KREMLİN MARKOV “QISASI” Moskva Bakıya qarşı açıq düşmənçiliyə keçib?

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Sabah Bakıya gələn rus turistlər də “xalq düşməni” elan olunsa, təəccüblənməyin…

Rusların tez-tez istifadə etdikləri məşhur “özününkünü döy ki, özgələr qorxsun” ifadəsi var. Kremlə yaxın politoloq Sergey Markovun Rusiyadakı ağlını itirmiş “Z-patriotlar”, şovinst, qatı millətçi hərbi bloqerlər, hətta Kremlin ən idbar təbliğatçısı – Vladimir Solovyov, eləcə də anti-Azərbaycan cəbhəsinin ən “qəhrəman döyüşçüsü” Konstantin Zatulin və digərləri tərəfindən linç edilməsi, ardınca Rusiya hökuməti tərəfindən rəsmən “inagent” - xarici agent elan olunması da buna bənzəyir…

Rusiyada adətən hakimiyyətə qatı müxalifətdə duran şəxslər(onların əksəriyyəti ya həbsdədir, ya da mühacirətdə), Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyənlər, Kremlin siyasətini və şəxsən Putini kəskin tənqid edənlər, bir sözlə, hakimiyyətin düşmənləri “inagent” statusu ilə “təltif olunur”. Kremlə yaxın 3-5 nisbətən savadlı, öz fərqli mövqeyi və ağlı olan politoloqlardan biri sayılan Markov isə heç zaman nə Putinin, nə onun hakimiyyətinin, nə də Ukarynaya qarşı işğalçı müharibənin əleyhinə heç nə deməyib, heç bir çıxış etməyib. Onun yeganə “qəbahəti” Şuşada keçirilən Foruma qatılması və orada Azərbaycan Prezidentinin ünvanına xoş sözlər söyləməsidir. Rusiyanın nə dərəcədə deqradasiyaya uğradığını göstərən həm də odur ki, indi Markovun məhz buna görə cəzalandırıldığını Rusiya siyasi isteblişmentində və Kremlin təbliğat camiyəsində heç kim inkar etmir…

Markov Azərbaycanın Ermənistanla münaqişədə haqlı mövqeyini müdafiə edən 2-3 rusiyalı politoloqdan biri olub. Bu isə digər millətlərə, xüsusilə keçmiş SSRİ-nin müsəlman respublikalarına qarşı imperiyaçılıq və nifrət üzərində köklənən rus auditoriyası üçün yad bir mənzərədir. Ona görə politoloqun bu cür linç edilməsi həmin auditoriya tərəfindən məmnuniyyətlə qarşılanır. Bunu sosial şəbəkələrdəki rus izləyicilərin şərhlərindən də aydın görə bilərsiniz…

Kimsə deyə bilərki, Markov Rusiya vətəndaşıdır və onunla necə rəftar etdiklərini də özləri bilər. Necə deyərlər, saman özlərinin, samanlıq özlərinin, istəyirlər lap yandırıb külünü göyə sovursunlar. Hətta istisna etmək olmaz ki, sabah həmin politoloq özünü xilas etmək üçün Azərbycanla bağlı tamamilə əks fikirlər söyləyəcək. Amma buna baxmayaraq, onun bu cür cəzalandırılması Azərbaycana qarşı ksenofobiyanın, açıq düşmənçiliyin, rəsmi Bakıdan istənilən yolla “qisas almaq” istəyinin hansı ağlasığmaz həddə çatdığının göstəricisidir.

Axı Markov Kremlin açıq, rəsmən düşmən elan etdiyi, müharibə apardığı və qanını içməyə hazır olduğu Zelenskini, yaxud NATO Baş katibini, Almaniya, Fransa, Britaniya başçısını yox, Rusiyanın “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladığı, strateji tərəfdaş kimi təqdim etdiyi Azərbaycanın Prezidentini tərifləyib…

Belə çıxır ki, Kreml nəinki Azərbaycanın mövqeyini dəstəkləyəni, onun ünvanına hansısa xoş söz deyəni, hətta ona tərəf baxanı belə dar ağacına çəkməyə hazırdır. Bu gedişlə, bir gün Azərbaycana gələn rus turistlər də xarici agent, yaxud Stalin dövründəki kimi ”xalq düşməni” elan olunsa, buna təəccüblənmərik…

Əslində, Markovun Şuşa Forumuna görə bu cür cəzalandırılması həm də həmin Forumda Azərbaycan başçısının söylədiyi həqiqətlərin və cəsarətli mövqeyinin Kremldə oturanları bir yerlərinə qədər yandırdığının göstəricisidir…

Əlbəttə ki, Putin Rusiyası Markov kimi kiçik fiqurun Bakıya görə cəzalandırılmasını bütünlükdə Azərbaycana qarşı başladılan haqsız təzyiq, təhdid, təbliğat kampaniyasının bir hissəsi, Rusiyadakı azərbaycanlılara qarşı təqiblərin, Ukrayna ərazisindəki SOCAR infrastrukturunun vurulmasının və s. davamı kimi görür. Ancaq ümumilikdə Rusiyaya qarşı heç bir düşmənçilik etməyən, heç bir qanunsuz, qeyri-dost addım atmayan, sadəcə, öz suverenliyini qorumağa və ona qarşı təhqir və təhdidlərə adekvat reaksiya verməyə çalışan Azərbaycandan bu cür çirkin təxribatlarla “qisas alması” Rusiyanın özünün nə qədər miskin, kiçilmiş, alçalmış, çürük duruma düşdüyünü göstərir. Çürümüş cəsəd isə ətrafa üfunət saça-saça parçalanmağa məhkumdur…

Cəlal Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
azpolitika.info

1Источники