RU

Bakı bu iki türk ölkəsini Rusiyanın təsirindən xilas edir Yeni mərhələ başladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfərinin ən diqqətçəkən məqamı avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüş oldu. Bu görüş spontan təşəbbüs deyildi, əksinə, öncədən aparılmış ciddi siyasi hazırlığın nəticəsi idi.

Özbəkistanın vasitəçi rolu

Türkmənistanda baş tutan üçtərəfli görüş, hər şeydən əvvəl, Azərbaycan və Türkmənistan arasında uzun illər davam edən, ictimaiyyətin çox vaxt detallı bilmədiyi və Bakının da açıq şəkildə aktuallaşdırmadığı soyuqluğun aradan qaldırılması baxımından mühüm tarixi hadisədir.

İki ölkə uzun müddət Xəzərdəki enerji yataqlarının bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları yaşayırdı. Bu isə münasibətlərdə müəyyən gərginlik yaradırdı. Xəzərin hüquqi statusu məsələsinin həllindən sonra qarşılıqlı inam bərpa olunmağa başladı. Bununla belə, tərəflərin tam etimad mühitinə keçməsi üçün bir “körpü” lazım idi. Hesab edirəm bu körpü rolunu Özbəkistan oynadı.

Prezident Şavkat Mirziyoyev həm Azərbaycan, həm də Türkmənistanla dərin siyasi, iqtisadi və mədəni əlaqələr qurub. Türkmənistanla Özbəkistan ortaq mədəni-tarixi kökləri paylaşır, üstəlik enerji və nəqliyyat sahələrində strateji maraqları üst-üstə düşür. Bu səbəbdən də Türkmənbaşı görüşündə Bakı və Aşqabad, məhz Daşkəndin vasitəçiliyi ilə, uzun illərin problemlərini geridə qoydu. Bunu Ş. Mirziyoyev “Bu gün üçtərəfli formatda baş tutan konstruktiv və məhsuldar danışıqlar məni dərindən məmnun edib. Bizim görüşümüz xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi” sözləri də təsdiq edir.

Rusiya asılılığından çıxış

Azərbaycan artıq Avropanın etibarlı enerji təminatçısı kimi tanınır. Lakin Bakı təkbaşına Rusiyanın Avropa bazarında yaratdığı boşluğu doldura bilməz. Ona görə də Azərbaycan öz üzərinə “regional enerji qovşağı” missiyasını götürür və qardaş ölkələrin resurslarını Avropa bazarına çıxarmaq üçün platforma rolunu oynayır.

Bu mənada Türkmənistan və Özbəkistanın iştirakı həlledici əhəmiyyət daşıyır. Türkmən qazının və neftinin Bakı üzərindən Avropaya daşınması, Xəzər dənizi vasitəsilə tranzit imkanlarının genişləndirilməsi Bakı–Tbilisi–Ceyhan və TANAP kimi layihələrin davamlılığını gücləndirəcək. Özbəkistan isə yeni yataqların istismara verilməsi ilə təkcə daxili istehlakçı deyil, ixracatçı ölkəyə çevrilməkdədir. Qurbanqulu Berdiməhəmmədovun da dediyi kimi, tərəflər “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəlib. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirilir.

Həmçinin oxuyun:

Yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanat – VİDEO

Azərbaycan bu prosesdə sadəcə tranzit ölkə deyil. Bakı həm də resursların alqı-satqısında vasitəçi, başqa sözlə, enerji “dəyərləndiricisi” funksiyasını icra edir. Bu isə Azərbaycan üçün strateji üstünlüklər deməkdir: siyasi çəkisinin artması, həm də SOCAR-ın regionda birbaşa investisiya imkanlarının genişlənməsi. SOCAR-ın Özbəkistanda pay sahibi olması Bakının regional enerji inteqrasiyasında yalnız texniki deyil, kapital maraqlarını da təmin edəcək.

Beləliklə, Azərbaycan üçün bu format çox güclü kartdır: Rusiya qazının boşluğunu qismən doldurmaq, Avropa üçün enerji təhlükəsizliyini möhkəmləndirmək və özünü əvəzolunmaz enerji mərkəzi kimi təqdim etmək. Türkmənistan və Özbəkistan isə bununla Rusiyadan asılılıqdan çıxış yolunu tapır. Ən strateji mesaj da budur: Bakı təkcə öz qazını satmır, həm də regionun enerji xəritəsini formalaşdıran oyunçuya çevrilir.

Transxəzər marşrutu

Türkmənbaşı görüşünün digər mühüm istiqaməti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu  Orta Dəhliz oldu. Liderlərin çıxışları göstərdi ki, Bakı bu layihənin icrası üçün Türkmənistan və Özbəkistanla siyasi razılaşmanı artıq əldə edib.

Prezident İlham Əliyevin “nəqliyyat-tranzit imkanlarının birləşdirilməsi əməkdaşlığımızın təməl daşıdır” sözləri bunun təsdiqidir. Azərbaycan uzun illərdir Bakı Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və yeni logistika mərkəzləri ilə dəhlizin Qafqaz hissəsini tam hazır vəziyyətə gətirib. İndi əsas məsələ Orta Asiya ayağının gücləndirilməsidir ki, bu da yalnız Türkmənistan və Özbəkistanın fəal iştirakı ilə mümkündür.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin “beynəlxalq yükdaşımada əsas körpü” rolunu oynaya biləcəyini vurğuladı. Bu, Aşqabadın uzun müddət tərəddüd etdiyi məsuliyyəti artıq qəbul etməsi deməkdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Orta Dəhlizi “qitələri birləşdirən strateji yol” adlandıraraq onun “yalnız iqtisadi deyil, həm də siyasi müstəqillik baxımından əhəmiyyət daşıdığını” bildirdi.

Azərbaycan, Türkmənistan və Özbəkistanın enerji resurslarının Avropa bazarına daşınması üçün yeni logistika bazası formalaşdırırır. Digər tərəfdən, nəqliyyat dəhlizi həm Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə, həm də Rusiyanın Şimal marşrutuna alternativ kimi təqdim edildi.

Azərbaycan üçün bu, sadəcə tranzit layihəsi deyil. Bakı həm Orta Asiya resurslarını, həm də yükdaşımalarını öz üzərindən keçirərək regionun “mərkəzi qovşağı”na çevrilir. Liderlərin bəyanatları göstərir ki, artıq Bakı bu iki ölkə ilə razılaşmanı əldə edib və Orta Dəhlizin yeni mərhələsi Türkmənbaşı görüşündən başlayır.

Turan Rzayev

Gloablifno.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
50
globalinfo.az

10Источники