RU

Ekspertdən xəbərdarlıq: minlərlə gənc təhsildə uduzan tərəf olacaq

Qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı kifayət deyil və nəticədə minlərlə gənc universitet qapısından kənarda qalıb.

Bu fikirləri Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, məsələnin ən acı tərəfi ondan ibarətdir ki, bu göstəricilər təkcə ölkədaxili imtahanlarla məhdudlaşmır, beynəlxalq yarışlarda da özünü açıq şəkildə büruzə verir:

"2025-ci ildə Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan komandası medal qazana bilmədi. Halbuki qonşu ölkələr - məsələn, Türkiyə 2 qızıl, 3 gümüş, 1 bürünclə ilk onluqda yer aldı. Bu, sadəcə bir yarış nəticəsi deyil, uzun illərin hazırlıq sisteminin, müəllimlərin peşəkarlığının və şagirdlərin biliklərinin göstəricisidir".

Ekspert, həmçinin qeyd edib ki, Azərbaycan qanunvericiliyinə nəzər saldıqda vəziyyətin kağız üzərində tam fərqli təsvir edildiyi aydın olur:

“Təhsil haqqında” Qanunun 5-ci maddəsində açıq şəkildə göstərilir ki, dövlət təhsil standartları təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə vahid tələbləri müəyyən edir. Eyni zamanda 12.8-ci maddədə siniflər üzrə şagird sıxlığının normativləri təsdiq olunmalıdır. Hətta qanunda nəzəri biliklə yanaşı “həyati bacarıqlar”ın formalaşdırılması əsas məqsəd kimi göstərilib. Ancaq real vəziyyət bu müddəaların icra olunmadığını sübut edir. Laboratoriya dərsləri formal xarakter daşıyır, müəllimlərin təkmilləşdirilməsi epizodik kurslarla məhdudlaşır, məktəblərdə siniflərin sıxlığı normativdən artıqdır.

Dünya təcrübəsi göstərir ki, uğurlu nəticə üçün vahid strategiya olmalıdır. Finlandiyada və Sinqapurda təhsil proqramları problem həllinə əsaslanır, laboratoriya işləri isə tədrisin ayrılmaz hissəsidir. PISA nəticələri də bunu təsdiqləyir: Sinqapurda riyaziyyatda Level 2+ bacarığa sahib şagirdlərin payı 85% təşkil edir, Azərbaycanda isə cəmi 38%-dir. Bu kəskin fərq onu göstərir ki, bizdə öyrənilən biliklər gündəlik həyatda tətbiq edilə bilmir".

Kamran Əsədovun sözlərinə görə, müsbət tərəf odur ki, plan yerlərinin sayı ildən-ilə artır, bəzi ixtisaslarda dövlət sifarişli yerlərin çoxaldılması abituriyentlər üçün əlavə imkan yaradır.

"Bu, müəyyən qruplarda balların enməsinə səbəb olur və daha çox gəncin təhsil almaq şansı artır. Amma sözügedən addım problemin köklü həllini vermir. Çünki əsas məsələ təhsilin keyfiyyətindədir. Əgər məktəblərdə riyaziyyat, fizika və kimya fənləri sadəcə əzbərləmə ilə öyrədilirsə, qəbul zamanı yüksək nəticə göstərmək və universitetdə uğur qazanmaq mümkün olmur.

Bu gün Elm və Təhsil Nazirliyi vəziyyəti seyr etməklə kifayətlənir. Marifləndirmə işi aparılmır, müəllimlər üçün ardıcıl peşəkar inkişaf proqramları yoxdur, məktəblərdə laboratoriya bazası zəifdir, dərsliklər isə köhnəlmişdir. Nazirlikdə nə konkret plan var, nə də proqnoz. Təhsilin keyfiyyəti ilə bağlı konseptual sənəd hazırlanmadığından, hər il qəbul imtahanlarının nəticələri cəmiyyət üçün gözlənilməz olur. Halbuki qanunvericilikdə dövlətin vəzifəsi açıq göstərilib: standartların icrası və təhsil keyfiyyətinə nəzarət".

Təhsil eksperti onu da əlavə edib ki, burada müqayisələr açıqdır:

"Qonşu Gürcüstan 2022-ci ildə PISA nəticələrində Bakıdan xeyli üstün göstərici əldə edib, Türkiyə olimpiadalarda medal qazanır, Qazaxıstan universitetləri dünya reytinqlərinə daxil olur. Azərbaycan isə hələ də orta məktəbdə şagirdlərinə sadə funksional bacarıqlar belə verə bilmir.

Bütün bu təhlillər göstərir ki, dəyişməyən tək şey sistemsizlikdir. Təhsil proqramları yenilənməli, buraxılış və qəbul imtahanlarının məzmunu vahid bacarıqlar çərçivəsinə bağlanmalı, müəllimlərin peşəkar inkişafı kütləvi və davamlı xarakter almalıdır. Elm və Təhsil Nazirliyi isə bu istiqamətdə real proqram təqdim etməlidir. Əks halda, hər il minlərlə gənc təhsil sisteminin boşluqları ucbatından həm qəbul imtahanlarında, həm də sonrakı təhsildə uduzan tərəf olacaq. Bu isə təkcə təhsil problemi deyil, ölkənin gələcəyi üçün strateji təhlükədir",- deyə ekspert bildirib.

Избранный
15
1
modern.az

2Источники