RU

Ən çox üstünlük verilən ixtisaslar hansılardır?

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb.

Düzgün ixtisas seçimi təkcə universitetə qəbul olmaq deyil, həm də gələcək karyera yolunu müəyyənləşdirən mühüm qərardır.

Gələcəkdə ixtisaslaşacağı sahəni müəyyən edən gənclərin əmək bazarının tələblərini  nəzərə alınması vacib şərtlərdəndir.

Bu il xüsusilə yüksək bal toplayan abituriyentlərin əmək bazarının tələblərinə uyğun ixtisaslara üstünlük verməsi diqqət çəkir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, yüksək bal toplayanlar əsasən mühəndislik və IT sahələrini seçiblər:

“Seçim prosesinin yekun rəqəmlərinə və tendensiyalarına nəzər salanda aydın görünür ki, yüksək bal toplayan abituriyentlərin maraqları konkret istiqamətlərdə cəmləşib.

Bu seçimlər həm əmək bazarının gözləntilərini, həm də təhsil sistemində yaranmış stereotipləri üzə çıxarır. Ənənəvi olaraq, 600+ bal toplayan abituriyentlərin böyük əksəriyyəti I və IV ixtisas qruplarında cəmləşib. I qrupda yüksək nəticə göstərənlər əsasən mühəndislik və informasiya texnologiyaları sahələrini seçiblər.

Riyaziyyat-informatika alt qrupunda yüksək bal toplayanların çoxunun kompüter mühəndisliyi, informasiya texnologiyaları, proqram mühəndisliyi kimi ixtisaslara üstünlük verdiyi müşahidə olunub.

Bu, həm qlobal əmək bazarının tendensiyalarından qaynaqlanır, həm də ölkədə IT sahəsinə tələbatın artmasının nəticəsidir. Riyaziyyat-kimya alt qrupunda isə ənənəvi olaraq kimya mühəndisliyi və neft-mexanika ilə bağlı ixtisaslar maraq doğurub, amma son illərdə marağın bir qədər azalması görünür. Bunun səbəbi həm qəbul plan yerlərinin artması, həm də bu sahələrin iş bazarında əvvəlki qədər cazibədar olmamasıdır”.

Onun sözlərinə görə, yüksək bal toplayan abituriyentlər təlabatlı ixtisaslara üstünlük verir:

“IV qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin seçimi isə daha aydın görünür, tibb. Həkimlik peşəsi hələ də Azərbaycanda prestijli və sosial baxımdan ən çox hörmət olunan sahələrdən biridir. Bu səbəbdən IV qrup üzrə 600+ bal toplayanların böyük qismi “Tibb”, “Stomatologiya” və “Əczaçılıq” ixtisaslarına yönəlib. 

Təxminən hər il bu ixtisaslarda 650+ bal səviyyəsində kəsim müşahidə olunur. Bu da təsdiq edir ki, ən yüksək nəticə göstərənlər ən çox bu istiqamətdə toplaşır.

II qrup üzrə yüksək bal toplayanların əsas seçimləri iqtisadiyyat, maliyyə, beynəlxalq ticarət ixtisaslarıdır. Burada maraqlı nüans odur ki, abituriyentlər dövlət idarəçiliyi və hüquq sahəsini hələ də sosial təminat və gələcək karyera baxımından “sabit” qəbul edirlər. Xüsusilə hüquqşünaslıq ixtisası həmişə olduğu kimi ən yüksək bal tələb edən ixtisaslardan biri olaraq qalır.

V qrup üzrə isə vəziyyət bir qədər fərqlidir. Burada yüksək bal toplayanların sayı azdır, amma onların da əsas seçimləri qabiliyyət tələb edən sahələrdir. Bu ixtisasların real əmək bazarında qarşılığı zəif olduğundan yüksək bal toplayanların çoxu digər qruplara nisbətən burada daha azdır”.

Ekspert qeyd edib ki, yüksək bal toplayanlar əsasən sosial prestijli sahələrə yönəlir:

“Dünya təcrübəsi ilə müqayisə etdikdə isə maraqlı mənzərə ortaya çıxır. Məsələn, Sinqapur, Cənubi Koreya və Almaniyada yüksək nəticə göstərən şagirdlərin böyük qismi mühəndislik, informatika və dəqiq elmlər üzrə ixtisaslara yönəlir.

Çünki bu ölkələrdə dövlətin strateji planları təhsil ilə əmək bazarı arasında real körpü yaradır. Azərbaycanda isə hələ də yüksək bal toplayanların mühüm hissəsi daha çox sosial prestiji olan hüquq və tibb sahəsinə üstünlük verir. Bu, əmək bazarı ilə təhsil arasında ziddiyyətin bir göstəricisidir.

Son illərdə yüksək bal toplayan abituriyentlər arasında informasiya texnologiyalarına maraq artır. Bu, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji bir imkan yarada bilər.

Mənfi tərəfi isə ondan ibarətdir ki, mühəndislik və fundamental elmlər kimi sahələrdə yüksək bal toplayanların sayı azdır. Nəticədə ölkə iqtisadiyyatının sənaye və texnoloji inkişafı üçün lazım olan kadrlar kifayət qədər formalaşmır.

Buradan belə nəticə çıxır ki, seçim prosesində yüksək bal toplayanların hansı ixtisaslara üstünlük verdiyi sadəcə şəxsi seçim deyil, həm də təhsil siyasətinin, əmək bazarının və sosial stereotiplərin məhsuludur.

Əgər Elm və Təhsil Nazirliyi bu tendensiyaları vaxtında təhlil edib düzgün istiqamət verməsə, gələcəkdə bəzi sahələrdə kəskin kadr çatışmazlığı, bəzilərində isə artıq kadr problemi yaranacaq.

Избранный
11
1
cebheinfo.az

2Источники