RU

Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr veteranları və şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına başlanılıb

Naxçıvan, 22 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları və şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına start verilib. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində mühüm ictimai tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu çərçivədə təşkil olunan forumun iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin Baş meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə güllər düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

"Naxçıvan Saray”ında keçirilən forumda Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Təbriz Zeynalov, Üzeyir Məmmədov və digər dövlət nümayəndələri Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, Azərbaycan-Türkiyə dostluq əlaqələrindən, eləcə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Sonra forum iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Ardınca bədii hissə olub, Naxçıvan Dövlət Flarmoniyasının mahnı və rəqs ansamblının ifasında konsert proqramı təqdim edilib.

Bildirək ki, layihə çərçivəsində forum iştirakçıları üçün Naxçıvan şəhərinə infoturun təşkil olunması da planlaşdırılıb. Layihənin məqsədi Azərbaycan və Türkiyə arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, eləcə də xüsusi təyinatlı qazilər və şəhid ailələri arasında əməkdaşlığın və şəbəkələşmənin gücləndirilməsidir.

Избранный
10
2
azertag.az

3Источники