RU

Renato Veyqa “Vilyarreal”da

Portuqaliya yığmasının və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Renato Veyqa bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Portuqaliyalı oyunçu yeni klubu ilə 7 illik (2032-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb. “Vilyarreal” bu transfer üçün “Çelsi”yə 24,5 milyon avro ödəyib.

Xatırladaq ki, Renato Veyqa Lissabon “Sportinq”inin yetirməsidir. O, 2023-cü ilin avqust ayında məhz bu klubdan 4,6 milyon avro qarşılığında İsveçrənin “Bazel” komandasına keçib. “Çelsi” Renatonu 2024-cü ilin iyul ayında 14 milyon avroya “Bazel”dən transfer etmişdi. Portuqaliyalı futbolçunun İngiltərə nəhəngi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Veyqa “Çelsi”nin heyətində cəmi 18 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, ötən mövsümü icarə əsasında İtaliyanın “Yuventus” klubunda keçirib. Portuqal müdafiəçi Turin təmsilçisinin heyətində 15 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Xatırladaq ki, Veyqa hələ “Sportinq”də olarkən, 2022/2024 mövsümünün ikinci hissəsini Almaniyanın “Auqsburq” klubunda icarədə keçirib.

Portuqaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Renato, 2024-cü ilin oktyabr ayında əsas millidə debüt edib. O, Portuqaliya milli komandasının heyətində 5 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Избранный
43
arena.az

1Источники