Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.
Far.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.
Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m olan iki ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3 500 kv.m olan digər doqquz ədəd obyekt yanğından mühafizə olunub.
***14.09
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda başlayan yanğınla bağlı çağırış əsasında ilkin olaraq yeddi təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Avqustun 22-si saat 11:00-da Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.
***12:29
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğınla bağlı atmosfer havasına atılan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri ərazidədirlər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.
***11:55
Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumatda bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür
***11:20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Far.Az-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.