RU

Azərbaycançılıq ideyası: Birləşdirici dəyər

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan Azərbaycançılıq ideyası, dövlətçiliyimizin dayaqlarından biridir. Bu ideya yalnız milli kimliyimizi deyil, həm də dövlətçilik ənənələrimizi, birliyimizi, tariximizə və gələcəyimizə bağlılığımızı ifadə edir. Ümummilli Lider Heydər Əliyev bu ideyanın müasir dövrdə konseptual şəkildə formalaşması və dövlət siyasəti səviyyəsinə yüksəlməsində mühüm rol oynamışdır.

Heydər Əliyev və azərbaycançılıq fəlsəfəsi

Heydər Əliyev azərbaycançılığı Vətənə sədaqət, dövlətə bağlılıq, milli dəyərlərə hörmət və xalqın rifahı naminə fədakarlıq prinsipləri üzərində qururdu. Onun siyasi irsində azərbaycançılıq həm milli ideologiya, həm də strateji inkişaf xətti kimi çıxış edirdi. Ulu Öndər hesab edirdi ki, milli maraqlar bütün siyasi və iqtisadi qərarların əsasını təşkil etməli, dövlət idarəçiliyi xalqın milli-mənəvi dəyərləri ilə uzlaşmalıdır.

Heydər Əliyev daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.

“Heydər Əliyev İli” – milli birlik çağırışı

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edildi. Bu qərar həm Ulu Öndərin 100 illik yubileyinə ehtiram, həm də onun siyasi və ideoloji irsinin gələcək nəsillərə çatdırılması məqsədi daşıyırdı. Həmin ildə keçirilən tədbirlər - elmi konfranslar, sərgilər, ədəbi-bədii gecələr, beynəlxalq forumlar və regional layihələr — Azərbaycançılıq ideyasının daha geniş təbliğinə xidmət etdi.

Təhsil və gənclikdə azərbaycançılıq ruhu

“Heydər Əliyev İli” çərçivəsində məktəblərdə, universitetlərdə və gənclər təşkilatlarında azərbaycançılıq mövzulu dərslər, esse müsabiqələri və debatlar təşkil olundu. Bu tədbirlər gənc nəslin milli kimliyə sadiq, vətənpərvər və dövlətçilik ideyalarına bağlı yetişməsinə mühüm töhfə verdi. Azərbaycançılıq ideyası təkcə siyasətdə deyil, mədəniyyət və incəsənətdə də öz əksini tapdı. “Heydər Əliyev İli”ndə milli musiqimiz, folklorumuz, ədəbiyyatımız və tarixi abidələrimizə dair xüsusi layihələr həyata keçirildi. Bu, həm milli irsimizin qorunması, həm də onun beynəlxalq miqyasda tanıdılması üçün önəmli addım oldu.

Beynəlxalq müstəvidə azərbaycançılıq

Heydər Əliyevin siyasi kursu Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsinə yönəlmişdi. “Heydər Əliyev İli” çərçivəsində xarici ölkələrdə də tədbirlər keçirilərək Azərbaycan mədəniyyəti, tarixi və müasir inkişaf modeli tanıdıldı. Bu, azərbaycançılığın yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə təbliğinə xidmət etdi.

Eyni zamanda, azərbaycançılıq ideyası, ölkəmizdə yaşayan bütün etnik qruplar və azsaylı xalqlar üçün birləşdirici platforma rolunu oynayır. Azərbaycanda talışlar, ləzgilər, avarlar, udinlər, saxurlar, ingiloylar, ruslar, tatlar və digər milli icmalar əsrlər boyu qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşamışdır. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti bu xalqların dil, mədəniyyət və adət-ənənələrinin qorunmasını təmin etməklə yanaşı, onların ortaq milli dəyərlər ətrafında birləşməsinə də şərait yaratdı. Azərbaycançılıq bütün vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq, vahid Vətən, ortaq tarix və gələcək ideyası ətrafında birləşdirən mühüm ideoloji amil kimi çıxış edir.

Göründüyü kimi, azərbaycançılıq ideyası dövlətçiliyimizin ideoloji bünövrəsidir və Heydər Əliyev bu bünövrəni möhkəmləndirən tarixi şəxsiyyətdir. “Heydər Əliyev İli”nin keçirilməsi, bu ideyanın daha dərindən öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mərhələ oldu. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır və milli birliyimizin təminatçısı kimi strateji əhəmiyyət daşıyır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
cebheinfo.az

2Источники