RU

Prezident İlham Əliyev: Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb

Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb və mövcud olan təyyarələr tam müasirləşdirilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

"Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.

Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq", - deyə dövlətimizin başçısı vurğulayıb.

Избранный
59
9
day.az

10Источники