RU

Beyin faydalı təcrübələrdən daha sürətlə öyrənir - ARAŞDIRMA

Bakı, 22 avqust, AZƏRTAC

Carnegie Mellon Universiteti və Pittsburgh Universitetinin birgə proqramında aparılan yeni araşdırma beynin öyrənmə zamanı necə dəyişdiyini ortaya qoyub. “Cell Reports” jurnalında dərc edilən iş göstərir ki, beyin yalnız faydalı və mənalı olan təcrübələrə cavab olaraq sinir əlaqələrini gücləndirir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat Carnegie Mellon-un Biologiya Elmləri Bölməsinin üzvü Eunsol Park və professor Alison Barthın rəhbərliyi ilə aparılıb. Onlar siçanların davranışını müşahidə edərək, beynin duyğu korteksindəki neyron əlaqələrinin yalnız öyrənmək üçün real səbəb-nəticə əlaqəsi olduqda dəyişdiyini aşkarlayıblar. Məsələn, siçanlara hava üfürüldükdə və hər dəfə mükafat verildikdə, onların neyron davranışında güclənmə müşahidə olunub. Lakin stimulla mükafat arasında əlaqə qeyri-sabit olduqda və ya ümumiyyətlə, əlaqə olmadıqda, neyronlarda heç bir dəyişiklik qeydə alınmayıb.

E.Parkın sözlərinə görə, bu, beynin “öyrənməyə dəyər bir əlaqə” ilə sadəcə təsadüfi hadisələri ayırd edə bildiyini göstərir. A.Barth isə vurğulayıb ki, yeni təcrübələr zamanı öyrənmə prosesi xüsusilə güclüdür və bu, beynin məntiqli nümunələrə yüksək həssaslığını ortaya qoyur.

Alimlər hesab edirlər ki, bu nəticələr yalnız insanlarda deyil, digər heyvanlarda da öyrənmə mexanizmlərini daha yaxşı başa düşməyə kömək edə bilər.

Избранный
18
1
azertag.az

2Источники