RU

"Lavrovun "təhlükəsizlik" oyunu: Moskvanın utopik tələbləri və Avropaya qarşı ittihamları" - "Deutsche Welle"

"Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini yalnız öz iştirakı ilə mümkün sayır və Qərbi Moskvanı kənarda qoymaqda günahlandırır..."

Rusiya xarici işlər naziri Sergey Lavrov son günlər çıxışlarında Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri mövzusunu yenidən gündəmə gətirib. 

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Moskvanın yeni "şərtləri"

Lavrov Qərbin Kiyevə təmin etmək istədiyi zəmanətlərin Moskvanı nəzərə almadan formalaşdırılmasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan belə mexanizmlər "utopiyadır".

"Biz razı ola bilmərik ki, təhlükəsizlik məsələləri Rusiya Federasiyası olmadan həll edilsin. Bu, işləməyəcək. ABŞ-da da başa düşürlər ki, Moskvasız bu məsələləri ciddi müzakirə etmək mümkün deyil", - nazir vurğulayıb.

O, həmçinin xatırladıb ki, Rusiya üçün ən real variant 2022-ci ilin yazında İstanbul danışıqlarında müzakirə olunan modeli idi. Həmin vaxt Ukraynanın neytral və qeyri-blok statusu nəzərdə tutulub, zəmanətçilər arasında isə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya və Çin də olmalı idi. Lakin məhz təhlükəsizlik zəmanətlərinə dair fikir ayrılığı danışıqların dayandırılmasına gətirib çıxarmışdı.

Alyaska sammitindən sonra gərginlik

Avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Vladimir Putin Alyaskada təhlükəsizlik məsələlərini müzakirə ediblər. Məlumatlara görə, Putin Çin amilinə xüsusi diqqət çəkib, Tramp isə Avropanın əsas yükü daşımalı olduğunu bildirib. ABŞ yalnız "yardımçı" rolunu qəbul etməyə hazırdır.

Sammitdən sonra Avropa liderləri Vaşinqtonda Zelenski ilə görüşərək öz mövqelərini irəli sürməyə çalışıb. Bu isə Lavrovun narazılığına səbəb olub. Nazir bildirib ki, Avropa "Moskvanı kənarda saxlamağa və Rusiyaya qarşı yönəlmiş təhlükəsizlik sistemləri yaratmağa" cəhd edir.

Avropaya qarşı ittihamlar

Lavrov Avropanı bir növ "sui-qəsd:də ittiham edib. Onun fikrincə, Avropa liderlərinin məqsədi sammitin əsas gündəliyini pozmaq və Ukrayna məsələsini yalnız "Rusiyanı kənarda qoyaraq" həll etməyə çalışmaqdır. Nazir əlavə edib: "Bütün bunlar Ukraynanı gələcək hücumlardan qorumaq adı altında edilir, amma əslində Moskvanın maraqlarını tamamilə görməzdən gəlmək deməkdir".

Zelenskinin tələbi və ABŞ-ın cavabı

Avqustun 21-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın İsrailə verdiyi modelə bənzər zəmanətlər istədiyini bildirib. O, vurğulayıb ki, Vaşinqtonun mövqeyi artıq dəyişir və ABŞ təhlükəsizlik təminatçılarından biri ola bilər. Lakin ABŞ vitse-prezidenti Cey Di Vens məsələni ehtiyatla şərh edib: "Biz öhcəlik götürməyəcəyik, hələ tələbləri və real vəziyyəti başa düşməliyik".

Moskvanın israrı və Qərbin dilemma­sı

Lavrovun çıxışları bir daha göstərir ki, Moskva özünü istənilən təhlükəsizlik sisteminin mərkəzinə yerləşdirməkdə israrlıdır. Rusiya üçün əsas məsələ Ukraynanın qorunması deyil, gələcəkdə prosesləri bloklamaq və veto hüququnu qorumaqdır.

Qərb və Kiyev isə tam əksinə, Ukraynanın real müdafiəsini təmin edən, Rusiyanın təsir imkanlarını minimuma endirən mexanizmlər axtarır. Beləliklə, "təhlükəsizlik zəmanətləri" məsələsi əslində yalnız texniki müzakirə deyil, həm də Moskvanın regionda roluna dair fundamental mübarizədir.

Избранный
18
moderator.az

1Источники