RU

İstanbulda 2022-ci ildə əldə edilən təhlükəsizlik prinsiplərini dəstəkləyirik - Lavrov

BAKI, TurkicWorld, Fərid Mikayılov

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2022-ci ildə İstanbulda aparılan danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə üzərində razılaşma əldə olunan prinsiplər və təhlükəsizlik təminatları bu gün də aktualdır və Moskva həmin razılaşmaları dəstəkləyir.

TurkicWorld xəbər verir ki, Lavrov bu fikirləri Moskvada Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında səsləndirib.

Nazir xatırladıb ki, müharibənin ilk günlərində Belarus və İstanbulda aparılan birbaşa danışıqlar münaqişənin əsas səbəblərini aradan qaldırmaq məqsədi daşıyırdı. Həmin danışıqlar nəticəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin razılaşdırdığı ilkin sənəd hazırlanmışdı.

Lavrovun sözlərinə görə, sənəddə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və Türkiyənin də daxil olduğu genişləndirilmiş qrupun Ukraynanın təhlükəsizliyinə təminat verəcəyi nəzərdə tutulurdu. O, həmçinin Ukraynanın neytral dövlət olaraq NATO və digər hərbi ittifaqlara qoşulmayacağı, nüvə silahından uzaq qalacağına dair öhdəliklərin də sənəddə əks olunduğunu xatırladıb.

Lavrov əlavə edib ki, həmin proses Böyük Britaniyanın sabiq baş naziri Boris Conson tərəfindən əngəllənib.

Rusiya XİN rəhbəri Qərbin Ukrayna ilə birgə Moskvaya qarşı “təcridetmə və mühasirə” siyasəti apardığını bildirib.

“Qərb, təhlükəsizlik təminatlarını Rusiyanı kənarda qoymaq və zəiflətmək üzərində qurmağa çalışdı. Bu isə Moskva üçün qəbuledilməzdir”- deyə nazir vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, Ukrayna rəsmiləri uzunmüddətli ədalətli sülhlə maraqlanmadıqlarını açıq şəkildə göstərirlər və Qərbdən əlavə təminatlar almağa çalışırlar.

Избранный
20
turkic.world

1Источники