21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviqi mexanizminin tətbiq edilməsi ilə bağlı qərarı müsbət qarşılayır.
Mütəxəssis bu barədə "Report"a açıqlama verib.
O, belə məsələlərin yaxşı hal olduğunu bildirib:
"Böyük məbləğlərdən söz gedirsə, bu, klublara maraqlı gələcək. Komandaların yarısından çoxunun maliyyəsi digərlərindən azdır. Bəlkə də gələcəkdə klublar buna daha çox meyil edərlər. Amma hər şey məbləğin miqdarından asılıdır. Digər tərəfdən, bu gün güclü olan gənclər öz klublarında onsuz da oynayacaqlar. Hansısa istedadlı futbolçunu oynatmaq istəyiriksə, maliyyə maraqlı deyil. Ona şans verəcəyik. Amma əlbəttə, belə şeylərin olması üstünlükdür və yaxşı haldır".
Abbasovun sözlərinə görə, klublar bəzən maliyyəyə görə gənc oyunçulara çempionatda şans verə bilərlər:
"Məsələn, "Şamaxı"da mövsüm ərzində 3 gənc oyunçunu meydana buraxdığımıza görə maliyyə əldə etmək bizim üçün də maraqlı olacaq. Amma yenə vurğulayıram, məbləğ çox önəmlidir. İstənilən halda, bu qərarın verilməsini müsbət qarşılayıram. Legioner limiti ləğv olunub. Rüsum qalxıb, hamı çox əcnəbi cəlb etməyəcək. Əlavə vəsait ödəməyə məcbur qalacaqlar".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi fevralın 3-də maliyyə təşviq mexanizmi tətbiq edib.