RU

Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Son zamanlar Rusiyanın ölkəmizə qarşı təxribatçı addımları artıq mütəmadi hal almağa başlayıb.

İki ölkə arasında gərginlik ötən ilin dekabr ayında Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsini vurması ilə pik həddə çatdı. Daha sonra Rusiyada yaşayan soydaşlarımıza təzyiq olundu, müxtəlif bəhanələrlə həbslər aparıldı. Son günlər isə Ukraynadakı obyektlərimiz hədəf alındı. Belə ki, ruslar tərəfindən yaxın tarixdə Kiyevdəki səfirliyimizin yaxınlığına raket zərbələri endirildi. Həmçinin, Rusiya Azərbaycanın Ukraynaya qaz ötürmə marşrutunu da vurdu. Bundan başqa, dəfələrlə Ukraynada SOCAR-a məxsus obyektlərə pilotsuz uçuş aparatları ilə hücum edildi. Əlbəttə ki, bütün bunların təsadüf olmadığı hamıya məlumdur. Görünür, Azərbaycanın diplomatik uğurları Kremli narahat edir. Əks təqdirdə, ölkəmiz əleyhinə belə aşkar şəkildə addımlar atılmazdı. Obrazlı şəkildə desək, Rusiya Azərbaycanın uğurları qarşısında “nokaut” vəziyyətinə düşüb. Ona görə də düşüncəsiz şəkildə hücuma keçib. Azərbaycanın Rusiyanı prosesdən kənarlaşdıraraq Ermənistanla sülh sazişini Ağ Evdə paraflaması və Zəngəzur dəhlizinin açılması ilə bağlı tarixi qərara nail olması Moskvada təlaşla qarşılanıb. Bütün bunlara görə də Rusiyada anti-Azərbaycan ritorikası özünün maksimum səviyyəsinə yüksəlib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün həm regionda, həm də dünyada Azərbaycanın rolu, nüfuzu və təsir imkanları artır: “Cənab Prezident İlham Əliyevin çıxış və açıqlamalarında görürük ki, Azərbaycanın öz müstəqilliyini qorumaq imkanındadır. Rəsmi Bakının region üçün hansı yolu təklif etdiyi və nəyə nail olduğu da göz önündədir. Bu gün biz artıq sülh içərisində yaşayırıq. Lakin xalqların sülh içərisində yaşaması bəzi qüvvələri narahat edir və bir sıra güclərə xeyir gətirmir. Düşünürəm ki, baş verənləri bu aspektdən təhlil etmək lazımdır”. 

Səməd Seyidov vurğulayıb ki, Azərbaycanın sülh uğrunda mübarizəsi qalibiyyətlə başa çatdı: “Müasir dünyada nadir ölkələr bu tarixi Zəfərə nail ola bilirlər. Sülh əldə etməyin nə dərəcədə çətin olduğunu görürük. Biz həm müharibədə qalib gəldik, həm də Cənubi Qafqaz regionuna sülhü ən yüksək səviyyədə gətirmiş olduq. Biz reallıqlarla barışmayan Rusiya kimi qüvvələrin hərəkətlərinə hazır olmalıyıq. Ancaq unutmayaq ki, artıq tarixi gedişatı dəyişdirmək mümkün deyil. Biz öz yolumuzla da gedəcəyik”.

Elmir Mustafa

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
cebheinfo.az

2Источники