RU

“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon alıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 ədəd yeni vaqon alıb.

Vaqonlardan 200-ü yarımvaqon, 100-ü isə universal platforma vaqondır.

Platforma vaqonların yükqaldırma qabiliyyəti 72 ton, istismar müddəti 32 ildir. Bu vaqonlar xüsusən konteyner daşımaları üçün yüksək səmərəli, çevik və sərfəli həll yoludur, həm standart 20, həm də 40 futluq konteynerlər üçün uyğundur.

ADY-nin vaqon parkında platforma vaqonların artırılması konteyner yüklərinin daşınmasına olan tələbatın qarşılanmasına imkan verəcək. Son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə xüsusilə konteyner yüklərin artması müşahidə olunur. 2025-ci ilin 7 ayında Çindən 225 blok-qatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. 7 ayda ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Platforma vaqonlarda konteynerlə yanaşı, taxta-şalban, boru, rels, ağır və iriölçülü digər yükləri daşımaq mümkündür. Sadələşdirilmiş dizaynı sayəsində yan və yuxarı hissələrdən yükləmə və boşaltma işləri asan həyata keçirilir, nəticədə vaqonda aparılan yükləmə və ya boşaltma əməliyyatının müddəti azalır.

Yarımvaqon modellər isə iriölçülü və xüsusi formada daşınan yüklərin, o cümlədən taxta, qırmadaş və digər bərk tikinti materiallarının nəqli üçün uyğundur. Yükqaldırma qabiliyyəti 70 ton, həcmi 85 kubmetr olan vaqonların istismar müddəti 22 ildir.

Избранный
13
19
aznews.az

10Источники