RU

Azərbaycan gəncləri qlobal iqlim platformalarında: yüksələn fəallıq və yeni imkanlar - MÜSAHİBƏ

Bakı, 21 avqust, Pərvanə Qafarova, AZƏRTAC

Son illərdə Azərbaycan və region gənclərinin iqlim gündəminə marağı nəzərəçarpacaq dərəcədə artıb. Onlar iqlim dəyişikliyinin sağlamlıq, kənd təsərrüfatı və su ehtiyatları kimi sahələrdə yaratdığı problemləri dərindən dərk edir, bu istiqamətdə həm yerli, həm də beynəlxalq platformalarda fəal iştirak edirlər. COP29-un ölkəmizdə uğurla təşkili gənclərin qlobal iqlim müzakirələrində daha fəal rol alması, bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar açıb.

AZƏRTAC-a eksklüziv müsahibəsində COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova qeyd edib ki, bu proses gənclərin yalnız dinləyici deyil, həm də qərarverici kimi çıxış etməsinə şərait yaradır və gələcəkdə daha geniş əməkdaşlıqlar üçün möhkəm zəmin formalaşdırır. Müsahibəni təqdim edirik.

– Hazırda Azərbaycan və region gəncləri iqlim məsələlərinə necə yanaşırlar? Marağı necə qiymətləndirirsiniz?

– Son illərdə Azərbaycan və region gənclərinin iqlim məsələlərinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Onlar iqlim dəyişikliyinin sağlamlıq, kənd təsərrüfatı, su ehtiyatları kimi sahələrdə gündəlik həyatımıza birbaşa təsirini görür və bu problemlərin həllinə aktiv şəkildə qoşulmağa çalışırlar.

Gənclər müxtəlif yerli təşəbbüslərdə və layihələrdə fəal iştirak edirlər. Maarifləndirici sessiyalarda, ağacəkmə aksiyalarında, iqlim və təbiət mövzularında təlimlərdə yer alırlar. Bununla yanaşı, beynəlxalq platformalarla əlaqə qurmaq və təcrübə mübadiləsi aparmaq üçün də səylər göstərirlər.

Mən hesab edirəm ki, region gənclərinin iqlim məsələlərinə yanaşması olduqca perspektivlidir. Onlar həm nəzəri, həm də praktiki biliklər əldə edirlər ki, bu da yaxın gələcəkdə daha çox layihə, əməkdaşlıq və real dəyişikliklər üçün güclü zəmin yaradır.

– Siz gənclərin COP29 prosesinə daha fəal cəlb olunmasını necə təmin etdiniz?

– COP29 zamanı gənclərin fəal iştirakı üçün komanda ilə birlikdə bir sıra mühüm təşəbbüslər həyata keçirdik. Məsələn, gənc müəllimlər üçün iqlim yay düşərgəsi təşkil olundu. Bu düşərgədə 35 ölkədən 75 gənc müəllim iştirak etdi ki, onların 20-si məhz Azərbaycanın bölgələrindən idi.

Bundan başqa, COP29 çərçivəsində təqdim olunan Uşaqlar və Gənclər Pavilyonu gənclərin öz tədbirlərini keçirməsi, fikir mübadiləsi aparması və geniş əlaqələr qurması üçün platforma rolunu oynadı.

Eyni zamanda, COP29-un regional gənclər proqramı və məsləhətləşmələr vasitəsilə onların bilik və bacarıqlarının artırılmasına, iqlim siyasətinə inteqrasiyasına dəstək verdik. Bu fəaliyyətlərin əsas məqsədi gənclərin yalnız dinləyici deyil, həm də qərarvermə prosesinin aktiv iştirakçıları olmasını təmin etmək idi.

– İqlim dəyişikliyi ilə mübarizədə sizi ən çox narahat edən məsələ nədir?

– İqlim dəyişikliyi ilə mübarizə qlobal bir prosesdir və bu mübarizədə heç kim kənarda qalmır. Məni ən çox narahat edən məsələ isə ədalətsizlikdir. Dünyanı ən az çirkləndirən, iqlim dəyişikliyinə ən az töhfə verən ölkələr, xüsusilə də Qlobal Cənub dövlətləri onun fəsadlarını daha ağır şəkildə yaşayırlar.

Digər tərəfdən, əvvəllər gənclərimizin COP proseslərindən məlumatlılığı çox az idi. Amma indi vəziyyət tamamilə dəyişib. Həm təşəbbüskarlıq, həm maraq, həm də bilik səviyyəsi xeyli artıb. Düşünürəm ki, belə miqyaslı tədbirlərin təşkili gənclərin təhsilinə və məlumatlılığının artırılmasına böyük təkan verir.

– Beynəlxalq iqlim fəalları və təşkilatlarla əməkdaşlıq təcrübəniz varmı? Bu sahədə hansı uğurları qeyd edə bilərsiniz?

– COP29 çərçivəsində bir çox beynəlxalq iqlim fəalları və təşkilatlarla sıx əməkdaşlıq etdik. Xüsusilə Uşaq və Gənclər Pavilyonunun yaradılması və idarə olunmasında beynəlxalq tərəfdaşlar və donorlarla birlikdə çalışdıq.

Bundan əlavə, YOUNGO – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Rəsmi Gənclər və Uşaqların Həmfikir Qrupu və digər beynəlxalq gənclər təşkilatları ilə birlikdə regional məsləhətləşmələr, təlimlər və layihələr həyata keçirdik. Bu əməkdaşlıqlar gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların səsini beynəlxalq səviyyədə daha da gücləndirdi.

– İqlim cəmiyyətində mühüm hadisələrdən hesab edilən Almaniyanın Bonn şəhərində keçirilmiş İyun İqlim Görüşləri və ardınca London İqlim Həftəsi nə ilə yadda qaldı? Azərbaycan üçün əsas məqamlar nələr oldu?

– İyun İqlim Görüşləri və London İqlim Həftəsi olduqca əhəmiyyətli tədbirlər idi. Bu görüşlərdə ölkələr və təşkilatlar iqlim gündəliklərində daha iddialı hədəflər müəyyənləşdirmək üçün fikir mübadiləsi apardılar.

Bizim üçün əsas məqamlardan biri gənclərin iqlim siyasətinə daha geniş şəkildə cəlb olunması idi. Həm Bonn, həm də London platformaları gənclərin səsinin güclənməsi, təcrübə mübadiləsi aparması və beynəlxalq əməkdaşlıqlar qurması baxımından güclü imkanlar təqdim etdi.

– COP30-dan sonra gənclərlə bağlı hansı davamlı mexanizmlərin qurulmasını istəyirsiniz?

– Əslində, artıq uğurlu bir mexanizm mövcuddur. Bu, COP28-də institusional səviyyədə formalaşdırılmış Gənclər İqlim Çempionu roludur.

Mənim arzum odur ki, bu rol gələcək COP-larda da davamlı olsun, daha da inkişaf etdirilsin və qərarvericilər tərəfindən ciddi şəkildə qəbul edilsin. Çünki bu mexanizm gənclərlə siyasətçilər arasında körpü rolunu oynayır və gənclərin fikirlərinin iqlim siyasətinə real təsirini təmin edir.

Избранный
1
2
azertag.az

3Источники