RU

Orta Dəhlizdə vahid tranzit yük sənədi tətbiq ediləcək

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) vasitəsilə daşınan yüklərə vahid tranzit yük sənədinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində dəhliz ölkələrinin aidiyyəti qurumları ilə müzakirələr aparılacaq.

“Report” xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Sənədə əsasən, nəticələr əsasında təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim ediləcək.

İl ərzində beynəlxalq ticarət prosedurlarının və qaydalarının izahlı şəkildə təqdim olunacağı dövlət internet səhifəsi və ya informasiya portalı istifadəyə veriləcək. Həmçinin sərbəst və preferensial ticarət sazişlərinin imzalanması imkanları araşdırılaraq nəticələri Komissiyaya təqdim olunacaq.

Yol Xəritəsinə görə, sentyabrın 10-na qədər dəniz və avtomobil yükdaşımaları sektorlarında xarici ekipaj üzvləri və xidmət təminatçıları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi imkanları öyrəniləcək. Sentyabrın 30-na qədər isə yükdaşıma, saxlanma və anbar təsərrüfatı sahəsində məcburi istirahətdən əvvəl icazə verilən maksimum ardıcıl iş saatları üzrə beynəlxalq təcrübə araşdırılacaq.

Bununla yanaşı, yükgöndərənləri, yük şirkətlərini və sürücüləri birləşdirən, daşımaların planlaşdırılması və idarə olunmasını təmin edən rəqəmsal sifariş platformasının yaradılması imkanları da qiymətləndiriləcək.

Избранный
37
2
report.az

3Источники