RU

Detektiv romanların insan psixikasına təsiri Elbrus Kəlbiyev MÜSAHİBƏ

Tribuna saytına istinadən ain.az xəbər verir.

Ədəbiyyat insanın yalnız estetik zövqünü deyil, həm də psixologiyasını formalaşdırır. Xüsusən də detektiv romanlar tənqidi təfəkkür, təsəvvür və ədalət hissini gücləndirərək oxucunu həm düşüncədə, həm də dəyərlərdə inkişaf etdirir.

Tribunainfo.az-a danışan psixoloq-yazıçı Elbrus Kəlbiyevlə söhbətimizdə detektiv əsərlərin insan şüuruna təsirindən, müasir Azərbaycan ədəbiyyatının durumundan və bədii obrazların cəmiyyətə verdiyi mesajlardan danışdıq.

Müsahibəni təqdim edirik:

— Sizcə, bədii əsərlərin, xüsusən detektiv romanların mütaliəsi insan psixikasının düzgün formalaşmasında nə kimi rol oynayır?

— Ədəbiyyatın insan psixologiyasına təsiri çox böyükdür. Yüksək səviyyədə yazılan əsərlər insana çox böyük mənəvi dəyərlər, müsbət psixoloji keyfiyyətlər aşılayır. Məsələn, insan üçün ən vacib psixoloji keyfiyyətlərdən birincisi onun anlama qabiliyyətinin olmasıdır. Valideynlərini, müəllimlərini, dostlarını, sevgilisini, mal aldığın tacirləri, səni aldatmaq istəyən fırıldaqçıları… bir sözlə ömrün boyu həyatda qarşılaşdığın, bu və ya digər münasibətdə olduğun hər kəsin söylədiklərini, hisslərini, düşüncələrini anlaya bilirsənsə, bax o zaman həyatında baş verən həqiqətləri tam olaraq görə bilirsən.

— Bəs qarşındakını anlamaq üçün insana hansı qabiliyyət lazımdır?

— Əlbəttə ilk növbədə onun tənqidi təfəkkürü işlək olmalıdır. Ona nə deyildiyindən əvvəl bunun nə üçün deyildiyini analiz etməlidir. İkincisi, insan üçün təsəvvür etmə qabiliyyəti də çox önəmlidir. Özünü başqasının yerində təsəvvür etmək, özündən çıxıb onun daxilinə girmək, onun hiss etdiklərini hiss etmək, onun düşüncələrində ola bilmək bacarığıdır təsəvvür etmək. Güclü əsər, xüsusən detektiv romanlar insanda ilk olaraq bu iki qabiliyyəti inkişaf etdirir. Çünki oxucu mütaliə etdiyi vaxt oxuduğu hər səhnəni, hadisələrin baş verdiyi məkanları, obrazların fizioloji quruluşlarını, geyimlərini, hisslərini, düşüncələrini beynində təsəvvür edir. Bu beyin üçün təsəvvür etmə qabiliyyətinin inkişaf məşqidir. Detektiv əsərləri oxuyarkən oxucu daim əsərin cinayətkarı axtaran qəhrəmanı ilə birlikdə axtarışda olur. Onun kimi və ya ondan fərqli düşünür, faktları üzləşdirir, hər kiçik detaldan nəticə çıxarmağa çalışır. Bir fərziyyəni inkar edib ikinci fərziyyəni irəli sürür. Bütün bunlar da onun tənqidi təfəkkürünün inkişafı üçün olan beyin məşqləridir. Daha bir önəmli məqam, detektiv əsərlərdə pis bir əməl, cinayət törətmiş şəxsin axtarışından bəhs olunur. Bəs onu nə üçün axtarırıq? Ədalətin bərqərar olunması üçün. Demək ki, oxucu əsəri oxuduğu bütün zaman ərzində həm də ədalət axtarışındadır. Bu da oxucunun ruhunda ədalətlilik məqamını qabardır. Mütləq deyil ki, oxucu əsəri oxuyub bitirəndən sonra ədaləti bərqərar etmək üçün gedib cinayətkar yaxalasın. Ədalətli olan insan münasibətdə olduğu hər kəsə, valideyninə, övladına, dostuna qarşı, əsasən də özünə qarşı ədalətli olur. Detektiv əsərlərdə adətən çətin sual bir dəfədən tapılmır. Detektivlər dağın arxasında gizlənən həqiqəti tapmaq üçün müxtəlif yollardan istifadə edirlər. Məsələn, motivə görə, hadisə yerində tapılan dəlilə görə, şahid ifadələrinə görə axtarış aparırlar. Bu da bir nöqtəyə, bir problemə fərqli baxış bucaqları deməkdir. Eynşteynin çox gözəl bir deyimi var. Problemi problem sferasında həll etmək olmaz. Bu fikrin fəlsəfi mənası odur ki, səni bir problemə gətirən eyni düşüncə ilə həmin problemi həll etmək olmaz. Yəni düşüncəni dəyişməlisən. Bəhs etdiyim eyni istiqamətdə fərqli düşünmək bacarıqlı insana bu səbəblə çox vacibdir ki, bu keyfiyyəti də detektiv əsərlər insan psixikasında yaradır. Ədəbiyyatın insana verdiyi daha bir önəmli keyfiyyət onun uzun zaman eyni istiqamətdə düşünə bilmək, eyni istiqamətə yönələ bilmək bacarığıdır. Yəni oxucu bir neçə gün əsəri oxuyub yalnız bu yöndə düşünür və bu bacarıq onda yaranır. Bu çox vacib keyfiyyətdir. Nyuton demişdi ki; “Dahi şəxsiyyətlər yalnız fikir və düşüncələrini uzun bir zaman böyük səbrlə eyni istiqamətə yönəldə bilənlərin sırasından olacaq”. Elə Nyuton və onun kimi alimlərin bir ixtira barəsində neçə illər səbrlə, dözümlə işlədiyini nəzərə alsaq, bu keyfiyyətin nə qədər vacib olduğunu anlaya bilərik. Böyük əsərlər, yaxşı əsərlər böyük zövqlə yazılır. Yazıçıya yüksək təxəyyül etmə qabiliyyətindən əvvəl yüksək zövqlü olması da vacibdir. Böyük zövqlə yazılmış əsər də oxucuda yüksək zövq yaradır ki, bu da şəxsiyyətin formalaşması üçün çox vacib elementdir. Bütün bunlar ədəbiyyatın insana verdiyi böyük dəyərlərdən yalnız az bir qismidir. Hamısını sadalamaq üçün zaman yetmir. Göründüyü kimi, 5-10 manata kitab mağazasından bir dünya almaq olar. Amma çox təəssüf ki, insanlarımızın böyük əksəriyyəti bütün bunlardan xəbərsiz, kitaba, mütaliəyə önəm vermirlər.

— Siz həm də psixoloqsunuz. Psixoloq olmaq yazıçılığınıza necə təsir edir? İnsan xarakterlərini və daxili gərginliklərini yaratmaqda bu biliklərdən necə istifadə edirsiniz?

— İxtisasımın psixoloq olması bu işdə əlbəttə mənə çox böyük kömək olur. Mən ədəbiyyatçıları dərman düzəldən formoseptlərə bənzədirəm. Onlar anatomiyanı, insanın fiziki quruluşunu, orqanizminin fəaliyyətini molekulyar, atom səviyyəsində bilməsələr heç bir dərman düzəldə bilməzlər. Ədəbiyyat da insanın psixologiyasına, şüuruna və şüur altına təsir etdiyi üçün bu sahəni bilmək çox vacibdir. Bu yöndə bəxtim gətirib. Əgər psixoloq olmasaydım və yazmağa qərar versəydim mütləq psixologiyanı əlavə olaraq öyrənərdim.

— Dedektiv əsərlərdə əsas güc süjetdədir, yoxsa obrazlarda? Siz hansına daha çox önəm verirsiniz?

— Süjetlər obrazlar vasitəsilə yaradılır. Onları ayrı-ayrı təsəvvür etmək olmaz. Həm obrazlar güclü yaradılmalı, həm süjet xətti canlı, maraqlı, həyat dolu, fəlsəfə dolu, faydalı məlumatları bol, psixoloji təsirli hadisələrlə zəngin olmalıdır.

— Mənfi qəhrəmanlarınızın belə insani tərəflərini göstərməyə çalışırsınız. Bu, psixoloq yanaşmasının təsiridir?

— Məncə bu da ədalətin bir formada təzahürüdür. Bəzi insanlar həqiqətən çox pis adam şəklində doğulurlar. Pislik, xəbislik, paxıllıq, cəlladlıq qanlarında, genetik kodlarında olur. Bəzən isə həyat sadə, normal bir insanı küncə sıxıb ondan pis adam düzəldir. Çalışıram oxucu ilə səmimi olum. Bədii əsər nə qədər təxəyyülün məhsulu olsa da gərək reallıqdan çox uzağa getməsin.

— Yaratdığınız obrazlarda hansı əsərinizdəki obraz sizin üçün ən çox dəyər daşıyır və niyə?

— Əsərlərimdə obrazlar çox və fərqlidir. Onların sırasında hər tipdə insan var və bu obrazların hər biri müəyyən dəyərlər daşıyır və cəmiyyətə nəyin yaxşı, nəyin pis olduğunu anladır. Qəhrəmanım isə cinayətkarlığa qarşı əzmlə mübarizə aparan polkovnik “İlyas Ocaqovdur”. Bu obraza bütün ali insani dəyərləri vermişəm ki, cəmiyyətə hərtərəfli nümunə olsun. Çünki düzgün yol göstərmək üçün insana; “Belə etmə yox, belə et demək lazımdır”. Birincidə günahlandırır, ikincidə yol göstərmiş olursan. İnsan psixikası ikinci təsir metodunu daha çox qəbul edir. Bu funksiyanı da əsasən “İlyas Ocaqov” yerinə yetirdiyi üçün ən dəyərli obrazım odur.

— Dünya dedektiv ədəbiyyatında kimin yaradıcılığı sizə daha yaxındır və niyə?

— Gənc yaşlarımda bir çox xarici detektiv əsərləri oxumuşam. Ən çox bəyəndiyim Konan Doyl və Aqata Kristi olub. Çünki onların əsərlərində hadisələr daha zəngin, sirlər daha dərində olur, onların qəhrəmanları daha yüksək bacarığa malikdir.

— Sizcə, müasir Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti necədir – yüksəliş, yoxsa durğunluq dövrünü yaşayırıq?

Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınması üçün hansı əsas addımlar atılmalıdır?

— Ədəbiyyatın insana nə qədər böyük faydalar verdiyini yuxarıda qeyd etdim. Lakin bunun tərs üzü də var. Yaxşı əsər faydalı olur. Amma insanlara nəinki faydası olmayan, hətta mənfi təsir edən əsərlər də az deyil. Çox təəssüf ki, bu gün bir çox yazarlar əsərləri oxunsun deyə, həddindən çox əxlaqsız, mənəviyyatsız səhnələr yaradırlar. Mən bunu anlamıram. Ədəbi əsərdə necə ədəbsiz mətnlər vermək olar? Bu ədəbiyyat deyil, ailə dəyərlərimizə, milli-mənəvi dəyərlərimizə vurulan zərbədir. Bu cür səhnələr nə Konan-Doylun, nə Çeyzin, nə Aqata Kristinin, nə Cek Londonun və onlar kimi neçə xarici yazarların əsərlərində yoxdur. Sovet vaxtının ədəbi nümunələrində də bu cür epizodlar çox olub. Demək olar ki, həmin əsərlərin əsasında çəkilən bütün filmlərdə də bu səhnələr yer alıb. Bu gün də bu ənənə davam edir və özü də tam çılpalığı ilə. Bu hal utanc verir. Nəsrin inkişafı və dünyada tanıdılması üçün ilk bu halı aradan qaldırmaq lazımdır. Ondan sonra hər hansı inkişafdan danışmaq olar.

Söhbətləşdi: Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
tribunainfo.az

2Источники