RU

Qərb bölgəsinin daha bir turizm mərkəzi

Tovuzun əsrarəngiz təbiəti qonaqları heyran edir

Son illər ölkəmizdə gəlirli sahə olan turizmin inkişafı istiqamətində xeyli işlər görülüb və bu tədbirlər dövlət başçısının diqqət və qayğısı sayəsində davam etməkdədir. Turizmin ən sərfəli və aparıcı qollarından biri isə kənd turizmidir. 

Kənd turizmində insanlar təbiətlə daha çox təmasda olur, ana təbiətin qoynunda dincəlməyə üstünlük verirlər. Kənd şəraitində qonaqlar bir müddət də olsa, şəhərin səs-küyündən, istisindən uzaqlaşıb dağların, meşələrin qoynunda məskən salır. Təbiətin qoynu isə bambaşqa bir aləmdir. Turistlər kənd yerlərində milli mətbəximizin ləziz təamlarından, buz bulaqların sularından aldıqları ləzzəti ömürləri boyu unutmurlar.  

Əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, təbii bulaqlar Tovuzda da turizmin inkişafı üçün geniş perspektivlər açır. Bu imkanlardan səmərəli istifadə edən tovuzlular xüsusən son illər turizmin inkişafına daha çox diqqət ayırır, o cümlədən yeni istirahət mərkəzləri yaradır, infrastukturu müasirləşdirir və nəticədə  rayona dincəlməyə gələn xarici və yerli turistlərin sayı ilbəil artır. Bunun bir səbəbi də Tovuzda təkrarsız, xarici və yerli turistlərdə böyük maraq doğuran məkanların kifayət qədər olmasıdır. Rayonun 34 min hektar meşəlik ərazisi var. Bölgədə əsas mənbəyini yüksək dağlardan götürən 4 gursulu dağ çayı mövcuddur. Zəyəmçay, Əsrikçay, Axıncaçay və Tovuzçayın yataqları füsunkar təbiətlə əhatə olunub. Dağlıq ərazilərdə 300-dən çox bulaq var ki, onların da tərkibi minerallarla zəngindir. Ümumiyyətlə, Tovuzun təxminən 80 kəndində turizm üçün əlverişli şərait var.  

Son illər rayonda çoxlu sayda turizm obyektləri də istifadəyə verilmişdir. Tovuz şəhərinin girəcəyində 5 hektar ərazidə Olimpiya idman kompleksi, onun yaxınlığında 5,2 hektar sahədə beşulduzlu "Ayan Palace" hoteli, karvansara tipli "Qala", "Şəlalə", "Üç qala" kompleksləri tikilmiş, 10,4 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmışdır. Turistləri məlumatlandırmaq üçün yaşayış məntəqələrində ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında məlumatlandırıcı lövhələr vurulmuş, turizm məkanlarına gedən yollara asfalt salınmış, nişanlar quraşdırılmışdır.

Rayonu tarixi abidələr baxımından da kasad saymaq olmaz. Aşağı Quşçu kəndi ərazisində yerləşən, miladdan əvvəl VI minilliyə aid Göytəpə yaşayış məskəni və onlarca digər qədim tarixi abidələri misal göstərmək kifayətdir ki, Tovuzun qədim yaşayış məskəni olması təsdiqlənsin. 

Tovuzda turizmdən söhbət düşəndə Xınna dərəsi ilə Əsrik dərəsinin adlarını xüsusi qeyd edirlər. Təkcə Əsrik dərəsində təxminən 200-ə yaxın bulaq var. Yayın qızmar istisində bu ərazinin sərin havası qonaqlara ləzzət verir. Xüsusən müstəqillik illərində bu ərazidə turizmin inkişafı üçün böyük işlər görülmüş, dərə boyu istirahət məkanları yaradılmışdır. Belə məkanlardan söhbət düşəndə Xınna dərəsi adlanan ərazidə salınmış yeni "Suyun səsi" istirahət mərkəzini də unutmaq olmaz. Beşulduzlu hotel səviyyəsində olan mərkəzdə yaradılan şərait həm yerli, həm də xarici turistlərdə məmnunluq doğurur.

Xınna dərəsinə geniş və rahat asfalt yol çəkilib. Yolboyu cərgə ilə sıralanmış Aran, Məşədilər, Yanıqlı, Qozdərə, Böyükxoşdarlı, Sadıxlı və Kecabə kəndlərindən sonra "Suyun səsi" ailəvi istirahət mərkəzi gəlir. Mərkəzdə hər iş səliqəli və turistlərin ürəyincə yaradılıb. Hər tərəf göz oxşayır. Dördmərtəbəli istirahət mərkəzinin əsas binası eyni vaxtda 200 turistin qalmasına imkan verir. Tək və ailə ilə qalmaq istəyənlər üçün də şərait var. Bundan başqa, mərkəzin ərazisində 4 kottec inşa edilib. Ən çox mərkəzin ərazisindəki iki çimərlik hovuzu diqqəti cəlb edir. Hər birinin uzunluğu 100, eni 50 metr olan hovuzlarda təhlükəsizlik qaydaları təmin edilib. Hovuzlar Xınna dərəsi boyunca axan Zəyəm çayının üstündə salındığından hər gün suyu dəyişdirilir. Bunlardan başqa, istirahət mərkəzində müxtəlif attraksionlar, auropark, uşaq üzgüçülük hovuzu inşa edilmişdir. Burada atla və mikroavtobuslarla gəzintilər təşkil olunur. Turist marşrutlarına Tovuzun tarixi abidələri və görməli yerləri daxildir. Mərkəzə uzaq dağlardan içməli su xətti çəkilmiş, qədim üslubda bulaq inşa edilmişdir. Hər tərəfdə səliqə-sahmanın hökm sürdüyü mərkəzin  xidmət personalı yüksək təlimlərdən keçmiş işçilərdən ibarətdir. Yaradılan bu cür yüksək şəraitin nəticəsidir ki, buraya dincəlməyə gələnlərin əksəriyyəti Türkiyə, Rusiya və Gürcüstandandır. 

Onu da qeyd edək ki, yayın bu qızmar çağında rayonun təbii bulaqlarının başına yüzlərlə insan toplaşır. Hara gedirsən ürək açılır, hara baxırsan göz oxşayır. Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqlarının başına toplaşanların sayı-hesabı yoxdur.  

Hər il rayonda turizm mövsümünə ciddi hazırlıq işləri görülür. Bu il də istisna olmamışdır. Rayonda müəyyənləşdirilmiş beş marşrut üzrə turist qəbul etmək üçün geniş hazırlıq işləri aparılmışdır. Bunlar Tovuz-Ağdam, Tovuz-Böyük Qışlaq-Qaralar, Tovuz-Qovlar-Ağbaşlar, Tovuz-Əlibəyli və Tovuz-Əlimərdanlı-Hunanlar marşrutlarıdır. 

İndi yayın qızmar çağıdır. Belə bir dövrdə insanlar çalışırlar ki, istirahətlərini təbiətin qoynunda keçirsinlər. Özü də elə məkanlara üz tutsunlar ki, təbiətin mənzərələrindən həm də rahatlıqla zövq alsınlar. Tovuzun təbiəti və yaradılan şərait, göstərilən xidmət buna imkan verir. 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Избранный
20
azerbaijan-news.az

1Источники