RU

Putinin medal verdiyi azərbaycanlı deputat-məmurlar - artıq imtina zamanıdır...


Məhərrəm Zülfüqarlı: “Putinin verdiyi orden və medalları daşıyan şəxslər düz yola qayıtsınlar və onlardan imtina etsinlər”

Rusiyanın Azərbaycana göstərdiyi qeyri-dost münasibət, ölkəmizə qarşı yürütdüyü aqressiv siyasət günü-gündən özünü ən müxtılif formalarda göstərməkdə davam edir. Rəsmi Kremlin mövcud davranışı və Azərbaycanla münasibətləri pisləşdirmək, gərginləşdirmək üçün əlindən gələni etməsi bəzi aktual məsələləri də gündəmə gətirir.

Bilirik ki, Azərbaycanda bəzi millət vəkillərinin və dövlət məmurlarının Rusiya prezidenti Vladimir Putindən şəxsən aldıqları orden və medalları var. Bu orden və medallardan niyə imtina olunmur? Rusiya Azərbaycana bundan da artıq düşmənçilik edəcək?

“Rusiya prezidentindən orden və medal almış insanların mütləq əksəriyyəti...”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu çox aktual məsələdir və Azərbaycana qarşı işğalçılıq niyyətində olan bir dövlətin verdiyi orden və medallardan imtina edilməsi daha məqsədəuyğundur. M.Zülfüqarlı bildirdi ki, keçmiş SSRİ respublikalarının çoxunda milli azadlıq hərəkatı baş versə də, bu, Azərbaycanda daha güclü oldu. “Azərbaycan milli azadlıq hərəkatlarının avanqardı idi. Bu baxımdan, keçən əsrin 80-ci illərinin axırı 90-cı illərinin əvvəllərində Azərbaycanda milli hissi, milli duyğusu olan insanlar daha önə çıxdılar. O zaman Rusiyayönümlü insanlar gerçək mövqelərini gizlədərək bunu sonrakı dövrlərə daşıdılar. Hətta onu deyim ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası katiblərindən biri qeyd etmişdi ki, Azərbaycanda elə insanlar var, bugün iraq olsun, XI ordu kimi işğalçı ordu Azərbaycana gəlsə, əllərində gül-çiçək onları qarşılamağa çıxacaq. Belə deputatlar, məmurlar indi də az deyil. Rusiya prezidentindən orden və medal almış insanların mütləq əksəriyyəti rusyönümlü, rusqafalı, rusa xidmət edən 5-ci kalonun nümayəndələridir. Siz heç görmüsünüzmü ki, Putinin orden və medal verdiyi insanlar içində milli azadlıq hərəkatının rəhbərlərindən, yaxud üzvlərindən biri olsun? Ola da bilməz. Çünki Rusiya seçir bu medalı verir. Ona görə də, o şəxslərin Putinin verdiyi medallardan könüllü imtina etməsi müşkül məsələdir. Düzdür, sabah bu onlardan tələb olunsa, bunu könülsüz şəkildə edə bilərlər, çünki onlar buyruq qullarıdır. Bu prosesdə ancaq müəyyən dairələrin göstərişi ilə hərəkət edirlər. Bu onların özünün seçiminə qalarsa, heç zaman imtina etməyəcəklər. Çünki onlar rus qafalı, Rusiyaya xidmət edən insanlardır.

Sizə Gürcüstandan bir nümunə göstərim. Müğənnisi, xalq artisti, gürcü xalqının ləyaqətli oğlu Vaxtanq Kikabidze rusların Gürcüstana qarşı işğal planını işə salmasına, gürcü xalqına qarşı cinayətlər törətməsinə görə rəsmi Kremlin ona verdiyi “Dostluq” ordenindən imtina etdi. Bununla da xalqın gözündə qalxdı. Azərbaycanda da bu cür şəxsiyyətlər çoxdur. Amma Rusiya bu şəxsiyyətlərə, milli qüvvələrin nümayəndələrinə bu orden və medalları verməyib. O insanlara verir ki, onlar Rusiyaya xidmət edirlər. Bu xidmətlərinə görə o orden və medalları aldıqları üçün onu ürəklərinin başında saxlayırlar”.

M.Zülfüqarlı hesab edir ki, bu insanlar Putinin verdiyi medal və ordenlərindən könüllü şəkildə imtina etməlidir: “Biz istərdik ki, Putinin verdiyi orden və medalları daşıyan şəxslər düz yola qayıtsınlar və onlardan imtina etsinlər. Bu Vətənin suyunu içib, çörəyini yeyirlərsə, Azərbaycan dövlətinə xidmət göstərsinlər, imperialist siyasətə, Azərbaycanın sərvətlərini ələ keçirmək istəyən işğalçı dövlətə xidmət göstərməsinlər. Bəziləri cavandır, onların özünə qayıtması mümkündür. Amma yaşlı nəslin bu dediyimiz cəhətdən tərbiyələnməsi mümkün deyil, bu artıq onların iliyinə, qanına yeriyib.

Sizə bir misal da deyim: bilirsiz ki, general Sisyanov Qafqazın işğalında rus qoşunlarına rəhbərlik edib, Car-Balakənə hücuma keçərkən ona Car-Balakən əhalisi məktub göndərib ki, sən gürcü xalqının nümayəndəsisən. O isə cavab verir ki, bəli, mən gürcü xalqının nümayəndəsiyəm, gürcüyəm, amma tam rus imperiyasına xidmət edən generalam, siz mənə məktub yazıb gürcülüyümü xatırlatmaqla məni təhqir etmiş oldunuz. Azərbaycanda da az da olsa belələri var. Mənə elə gəlir ki, Azərbaycan dövləti, Azərbaycan Bayrağı, Azərbaycanın müstəqilliyi ilə fəxr edən milli ruhlu yeni gənclik gəldikcə o insanlar həyatdan getdikdən sonra Azərbaycanda Azərbaycan dövlətinə bağlı insanların sayı həddən artıq çox olacaq. Buna görə də biz Azərbaycanın gələcəyinə qürurla baxırıq”.

İradə SARIYEVA

Избранный
22
baki-xeber.com

1Источники