Futbol üzrə Almaniya milli komandasının heyətində dünya çempionu olmuş Jerom Boatenq Avstriyanın LASK klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu LASK-la müqaviləsini öz istəyi ilə vaxtından əvvəl ləğv edib.
Xatırladaq ki, Boatenq ötən yay azad agent kimi LASK ilə 2 illik müqavilə imzalamışdı. Təcrübəli futbolçu Avstriya klubunun heyətində cəmi 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Jerom Boatenq Almaniyanın “Herta” klubunun yetirməsidir. O, karyerası ərzində “Bayern”, “Olimpik” (Lion), “Tennis Borussiya Berlin”, “Hamburq”, “Mançester Siti” və “Salernitana”da da çıxış edib.
Müdafiəçi karyerasındakı qənimətlərin böyük əksəriyyətini məhz Almaniya nəhəngi “Bayern”lə qazanıb. Jeromun qənimətlər muzeyində 9 Bundesliqa çempionluğu, 5 Almaniya Kuboku, 5 Almaniya Super Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku var. Üstəlik, Boatenq 2016-cı il üçün Almaniyada ilin futbolçusu seçilib.
Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.