RU

“Şəhid olmamışdan bir neçə saat əvvəl danışdıq” - İxtiyar Bayramovun bacısı daha nələri xatırladı...


Əfsanə Çobanova: “Bircə onu dedi ki, narahat olmayın, inşallah, hər şey yaxşı olacaq, bir neçə saat sonra isə şəhid oldu”

Bəylik taxtında cəmi iki ay oturdu, qurduğu ailədə körpə səsi eşitmək arzusuna çatmadı, ömrü nakam oldu, özündən sonra çırağını yandıranı da olmadı İxtiyarın. Toyunun səsi Quba dağlarından hələ çəkilməmişdi şəhid olanda. Hələ də dağların qulağında qalıb onun toyunun səsi. Cəmi iki ayın gəlini olan həyat yoldaşını ağrı-acının qucağına atıb getdi əbədiyyətə.

Saçlarını hör ağla,

Şəhid oldum, gör ağla...

Məni uca dağlardan

Pünhan-pünhan sor ağla.

Gözü yolda qalanının ağrısını dindirərmi bu bayatı, ağı deyib ağlayan anasının, qaməti bükülən atasının, saçını yolub yellərə verən bacısının yarasını sarıyarmı bu dörd misra?! Ailənin yeganə oğul övladı idi İxtiyar, Bayramovlar ailəsinin çırağını yandırıb, ocağını şenləndirirdi. İndi o ocaqda şəhidin əziz adı və xatirəsi yaşayır.

Lalələr qan üzlüdür,

Bacım ağlar gözlüdür-

Anamı dindirməyin-

Yanar canı közlüdür.

Gizir Bayramov İxtiyar Bayram oğlu 2023-cü ilin 19 sentiyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan igidlərimizdəndir.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi Zəfər” kitabının II-III cildlərinin Qubada keçirilən təqdimat mərasimini işıqlandırmaq üçün sözügedən rayonda yaradıcılıq ezamiyyətində olarkən bir çox şəhid ailəsi üzvləri ilə həmsöhbət olduq, bəziləri isə sonradan özləri redaksiyamızla əlaqə saxladılar, bəziləri ilə özümüz əlaqə qurduq, nəticədə Quba şəhidləri ilə bağlı silsilə yazılar meydana gəldi. Şəhid İxtiyar haqqında yazımız da bu silsilənin davamıdır.

İxtiyar Bayramov 1998-ci il may ayınının 1-də Quba rayon Qalaxudat kəndində anadan olub. 2007-ci ildə Quba rayon Qalaxudat kənd natamam orta məktəbinə gedib, 2016-ci ildə məktəbi bitirib. 2017-ci ilin yanvar ayının 4-də həqiqi hərbi xidmətə gedən İxtiyar Bayramov2018-ci ilin iyul ayında hərbi xitməti layiqincə başa vurub evinə-ocağına qayıdıb. Müxtəlif sahələrdə işləyib, ailəsinə maddi kömək edib. İxtiyar tərxis olunsa da fikri-zikri hərbidə qalıb və yenidən qulluğa qayıtmaq arzusunda olduğundan, çox keçmədən Orduda xidmətə qayıdıb. O,2020-ci ilin avqust ayında PirəküşküldəkiN saylı hərbi hissədə MAXE kimi fəaliyyətə başlayıb və gizir rütbəsi alıb. Həmin ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüş yolu Füzuli, Cəbrayıl, Xocəvənd, Şuşadan keçib, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşüb. İkinci Vətən müharibəsindən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Müharibə başa çatdıqdan sonra da Azərbaycan Ordusunda xidmətini davam etdirib, Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

2021-ci ilin yanvar ayının 1-də gizir rütbəsindəQubadlı rayonuna DSX-da xidmətə göndərilib. 2021-ci il avqust ayında Beyləqanda N saylı hərbi hissədə xidmətini davam etdirib. 2022-ci ildə isə Ağcəbədi N saylı hərbi hissəyə yola salınıb, 2023-cü ildə Beylaqandakı N saylı hərbi hissəyə təkrar olaraq qaytarılıb. 2023-cü il sentyabr ayının 19-da Ağdam rayonunun Gülablı kəndində şəhid olub. Sentyabr ayınının 22-də Quba rayon Şəhidlər Xiyabanında dəfn olunub.

“Vətən müharibəsində sağ qalsa da, antiterror tədbirləri zamanı şəhid oldu”

Şəhidin bacısı Əfsanə Çobanova “Bakı-Xəbər”ə bildirdi ki, ailədə bir qardaş, bir bacı olublar, yeganə qardaşından sonra o tək qalıb.

“Axırıncı dəfə şəhid olmammışdan bir saat əvvəl danışmışdıq. Sentyabrın 19-da səhər saat 10-un yarısında danışdıq, amma harada olduğunu demədi. Bircə onu dedi ki, narahat olmayın, inşallah, hər şey yaxşı olacaq, bir neçə saat sonra isə şəhid oldu.

Biz ailədə iki uşaq idik, qardaşım və mən. Mən ailənin böyük övladıyam, İxtiyar məndən kiçik idi. Mən ailə həyatı qurmuşam. Qardaşım haqqında danışanda çox kövrəlirəm, çox duyğulanıram. Çox vətənpərvər, qoçaq, mərd, cəsur bir oğlan idi qardaşım. Ürəyində böyük Vətən sevgisi vardı (ağlayır). İxtiyarın arzuları çox idi əlbəttə. Amma həyatı yarıda qırıldı...

2023-cü il iyul ayınının 23-də ailə həyatı qurmuşdu, toyundan iki ay sonra isə Vətən yolunda şəhid oldu.

Çox təəssüflər olsun ki, övladı olmadı. Heç olmasa övladına baxıb təsəlli tapardıq. Onun yoxluğu bizi çox yaraladı, sanki qanadlarımız qırıldı. Təsəllimiz odur ki, İxtiyar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda şəhid olub. 44 günlük Vətən müharibəsində sona qədər döyüşdü, Füzulidən Şuşaya qədər döyüş yolu keçdi. Vətən müharibəsində sağ qalsa da, antiterror tədbirləri zamanı şəhid oldu. Demək, qismətində şəhid olmaq varmış”.

İxtiyar haqqında yazılan yazılardan birində oxuduq ki, o həddən artıq kasıb bir ailənin yeganə oğul övladı olub və heç zaman öz evləri olmayıb, kirayədə yaşayıblar. Bu məsələ ilə bağlı Əfsanə xanım da bildirdi ki, ata-anası əslən Qalaxudat kəndindən olsalar da hazırda rayonun Dağlı kənində kirayə yaşayırlar. Şəhid bacısı onu da dedi ki, məsələdən rayon İcra Hakimiyyətinin və digər əlaqədar qurumların xəbəri var və ailə evsiz kimi qeydiyyata alınıb: “Əlaqədar qurumlarvalideynlərimə söz veriblər ki, onlara ev veriləcək. Onlar evlə təmin olunsaydılar kirayədən canları qurtarardı. Ümid edirik ki, valideynlərimin ev problemi öz həllini tapacaq”.

Antiterror şəhidi Bayramov İxtiyar Bayram oğlunun ailəsinin tezliklə kirayədən canının qurtaracağına və onların evlə təmin olunacağına biz də ümid edirik. Onların öz şəxsi evləri olarsa qəhrəman oğullarını xatirəsini daha layiqincə yaşada bilərlər, el-oba o evi ziyarətə gələr. Şəhid evi də müqəddəs ocaqdır...

Əfsanə xanım onu da dedi ki, hələ İxtiyarın adı əbədiləşdirilməyib, adına nə bir küçə, nə də bir müəssisə verilib. Bacının arzusu odur ki, özündən sonra övlad nişanəsi qalmayan qardaşının adı əbədiləşdirilsin. “Arzumuz odur ki, İxtiyarın adı unudulmasın, qəhrəmanlığı yaddaşlarda qalsın. Adı əbədiləşdirilsin ki, bu da bizə bir təsəlli olsun.

Jurnalistlər məqalələr yazırlar, şəhdilərimizi tanıdırlar, bu da bizə başqa bir təsəllidir ki, onların adları kitablarda, məqalələrdə yaşayır”-deyir Əfsanə xanım.

Qar daşı,

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı...

Könlü qardaşını istəyir Əfsanənin, ürəyindən keçir ki, kaş ki, İxtiyar bir dəfə zəng vurub halını-əhvalını soruşa, “yaxşıyam, məndən narahat olmayın” deyə. Amma qardaşın da nə zəngi var, nə mesajı...Qardaşı ilə yuxularda, xəyallarda, xatirələrdə görüşür, qucaqlaşır, danışıb gülür, dərdləşir...Bu da ayrı bir təsəllidir. Şəhidin anası Tərgül ana oğlunu gözləyir, Bayram ata onun yollarına göz dikir, tək ümidini, bircə oğlunu arayır, sorur, qara torpaq cavab verirmi, vermir əlbəttə...

Vətənə can verdin cananın oldu

Ümidim, niyyətim qonçəykən soldu...

Ananın ürəyi qəm ilə doldu

Gəl, güldür könlümü İxtiyar balam.

Torpaqlar azaddır, bəxtiyar balam.

Bəyliyin təzəydi, bəxtin qaraldı.

Könlümün dağını, balam, qar aldı.

Yoluna baxmaqdan gözüm yoruldu

Gəl dindir könlümü İxtiyar balam,

Torpaqlar azaddı, bəxtiyar balam.

Bu yol şəhidlikdir, Vətən sağ olsun!

Axirət mənzilin çırağban olsun...

O biri dünyada üzün ağ olsun,

Rəhmətlər sənindir İxtiyar balam

Torpaqlar azaddır, bəxtiyar balam!

Bir şəhidin də qısa, amma mənalı ömür yoluna ayna tutduq. Bu dünyada 25 il yaşadı, iki ayın bəyi oldu, gizir kimi Vətənə xidmət etdi, Vətən müharibəsində qəhrəmanlıqlar göstərdi və sağ qaldı, antitterror tədbirlərində Ağdamda şəhid oldu İxtiyar Bayramov...

Ruhu şad olsun!

İradə SARIYEVA
Quba-Bakı

Избранный
11
baki-xeber.com

1Источники