RU

İş elə ora rels qoymaqdan ibarət deyil: Min dənə həll ediləsi məsələ var - MÜSAHİBƏ

BAKI, 20 avqust. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elmar müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb. Zəngəzur dəhlizinin ABŞ-yə məxsus şirkətin icarəsi əsasında açılmasına razılıq var. Bu halda dəhliz sülh sazişindən öncə açıla bilərmi?

- Bu inandırıcı deyil. Çünki Zəngəzur adlanan ərazidən keçəcək dəhlizlə bağlı qərar verilsə də, orada ilk növbədə zəruri işlər görülməlidir. Dəmir və avtomobil yolu çəkilməlidir. Vaxtilə oradan keçən yol dağılıb. Yeni yolu çəkmək üçün isə ən azı iki-üç il zaman lazımdır. Bəziləri deyirlər ki, dəmir yolu var idi, onu tez həll etmək olar və s. İş elə ora rels qoymaqdan ibarət deyil. Min dənə həll ediləsi məsələ var. Əvvəlcə bu yolun harada və necə tikiləcəyi müəyyənləşməlidir və sərmayənin kimin qoyacağı aydınlaşmalıdır, təhlükəsizlik məsələsi həll olunmalıdır. Ermənistanla İran sərhəddini 2049-cu ilə qədər rus sərhədçilərinin qoruması amilini də unutmaq olmaz. Dəhliz açılacaqsa, bu məsələnin necə həll olunacağı hələ bəlli deyil. Suallar çoxdur. Dəmir yolunu tikmək texniki məsələdir. Əsas məsələ siyasi və təhlükəsizliklə bağlıdır.

- İran tərəfindən Zəngəzur dəhlizinin açılmasına daha sərt reaksiyalar var. Tehran şimal sərhəddində dəhlizin açılmasından niyə narahatdır?

- Burada iki məqam var. İran və Rusiyanın narahatlığı ABŞ-nin əraziyə gəlişidir. Onlar heç vaxt istəməz ki, dəhlizə nəzarət mexanizmi ilə minə yaxın Amerika əsgəri bölgəyə gəlsin. Eyni zamanda İran bütün yolların öz ərazisindən keçməsini istəyir və buna alternativ olmasına qarşıdır. Azərbaycanla İran arasında bu məsələdə razılıq da əldə edilib. İran tərəfi bunu Araz dəhlizi adlandırır. Buna isə alternativ İranın miyardlarla pul itirməsi deməkdir. Tehran ərazisindən keçən marşurutlardan gələn təmiz pulu büdcəsinə daxil etməkdə israrlıdır.

- Prezident İlham Əliyev də bəyan etdi ki, sülh sazişinin paraflanması Ermənistana verilən ev tapşırığıdır. Bu da sülhə yeganə əngəl kimi qalan Ermənistan konstitusiyasıdakı dəyişiklikdir. Bu məsələnin qısa zamanda həllinə ümid varmı?

- Bu, Ermənistan hakimiyyətinin verəcəyi qərardan asılıdır. Konstitusiya dəyişikliyi ancaq referendumla mümkündür. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Referendumu parlament seçkilərindən öncəyə çəkmək onların daxili işidir. Bu daha çox Ermənistan daxilindəki mühitdən asılıdır.

Избранный
20
teleqraf.com

1Источники