RU

"Laçın Şəhəri Günü gələcək nəsillərə azadlığın necə böyük dəyər olduğunu çatdırmaq üçün əbədi bir simvoldur" - DEPUTAT

"Laçın Şəhəri Günü gələcək nəsillərə azadlığın necə böyük dəyər olduğunu çatdırmaq üçün əbədi bir simvoldur" - DEPUTAT"26 Avqust Laçın Şəhəri Günü hər bir azərbaycanlı üçün milli qürurun, birliyin və qətiyyətin simvoldur. Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Laçın rayonu zəngin mədəni-tarixi irsi, əsrarəngiz təbiəti, saf bulaqları, göz oxşayan flora və faunası ilə ölkəmizin dilbər guşələrindən biridir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, istifadəyə verilən müəssisələr, elektrik stansiyaları, çəkilən yeni yollar və tunellər müasir Laçının simasına çevrilmişdir:

"İgidlik, cəsarət və qorxmazlıq rəmzi olan Laçın rayonu 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin "Laçın" olaraq adlandırılması ilə şəhər statusu alıb və 1930-cu ildə inzibatı ərazi vahidi kimi təsdiq olunub. Rayonun 1 şəhər, 1 qəsəbə və 125 kəndi vardır.

1980 - cı illərin sonlarında Qarabağda erməni separatçılarının fəallaşması Laçını işğalçı qüvvələrin hədəfinə çevirmişdi. Çünki, Laçın rayonu böyük strateji əhəmiyyət ilə Qarabağa açılan qapı idi. Məhz bu səbəbdən işğalçı Ermənistan silahlı qüvvələri 1992-ci il 18 may tarixində rayonu işğal etdi. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Eyni zamanda, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Bütün bunlar isə AXC-Müsavat cütlüyünün səriştəsizliyinin və nəyin bahasına olursa-olsun hakimiyyətə yiyələnmək istəklərinin nəticəsində baş verdi.

Təbii ki, Azərbaycan dövləti və xalqı heç zaman işğalla barışmadı. Çünki hər bir azərbaycanlı ölkəmizin Ulu Öndər Heydər Əliyevlə başlayan uğurlu inkişaf yolunun bir gün hər birimizi ali məqsədimizə çatdıracağına şübhə etmirdi. Xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə digər işğal olunmuş torpaqlarımız kimi, Laçın rayonununda alınmasının sevincini yaşadı. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi müəyyən olundu.
Bu hər birimiz üçün qürurverici bir tarixidir. Artıq Laçın özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonun ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir. İstifadəyə verilən müəssisələr, elektrik stansiyaları, çəkilən yeni yollar və tunellər müasir Laçının simasına çevrilmişdir. Böyük Qayıdış Proqramı çərçivəsində Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması sürətlə davam etdirilir. Eyni zamanda bölgənin tanıdılması istiqamətində silsilə tədbirlərin keçirilməsi, müxtəlif ölkə liderlərinin, diplomatların Laçına səfərləri və ən əsası 28 May 2025-ci ildə Laçın Beynəlxalq Hava limanının açılışı rayonun beynəlxalq statusunu artırmağa imkan verir.

Bu gün biz qürurla Laçın azaddır deyə bilirik. Laçın Şəhəri Günü gələcək nəsillərə azadlığın necə böyük dəyər olduğunu çatdırmaq üçün əbədi bir simvoldur".

Vüsalə İbrahimli

Избранный
20
sonxeber.az

1Источники