İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri və Ermənistan Prezidenti Nikol Paşinyanla görüşü ətrafında öncədən müxtəlif iddialar səsləndirilmişdi.
İran KİV-lərinin bir hissəsi bu görüşün əsas mövzusunun “Zəngəzur dəhlizi”nə alternativ kimi təqdim olunan Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz istiqamətindəki “Şimal-Cənub dəhlizi” layihəsi olacağını bildirirdi. Lakin imzalanan sənədlər gözləntiləri doğrultmadı və daha çox ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə etdi.
Görüşdən əvvəl İran mediasında səsləndirilən fikirlərə əsasən əsas mövzunun “Şimal–Cənub dəhlizi” olacağı gözlənilirdi. Amma sənədlərdə bu öz əksini tapmadı.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, əslində, İran və Ermənistan hər iki tərəf üçün strateji əhəmiyyət daşıyan mövzuları gündəmdə saxlayır, amma reallıq imkanları məhdudlaşdırır. “Şimal–Cənub dəhlizi” kimi böyük layihə təkcə iki ölkənin siyasi iradəsi ilə mümkün deyil, burada Gürcüstan, Hindistan və digər tərəflərin dəstəyi lazımdır. Ona görə tərəflər daha real və icrası mümkün sahələrə üstünlük verdilər.
“İmzalanan sənədlərin ikitərəfli əməkdaşlığa aid olması region üçün nəyi ifadə edir” sualına cavab verən politoloqun sözlərinə görə, bu, onu göstərir ki, hər iki ölkə hazırkı mərhələdə daha çox enerji, ticarət, mədəniyyət və nəqliyyat sahəsində praqmatik addımlar atmaq niyyətindədir. Yəni, böyük siyasi iddialar fonunda gündəlik reallıqlara uyğun hərəkət edirlər. Bu da regional sabitlik üçün müəyyən qədər müsbət amildir.
Görüşün gözləntilərlə uyğun gəlməməsinin Ermənistan və İranın regional mövqeyinə təsirinə gəlincə, Z.Qarayeva qeyd edib ki, açığı, bu onların böyük geosiyasi layihələrdə həlledici aktor ola bilmədiklərini göstərir. Yəni, İrəvan və Tehran öz aralarında əməkdaşlığı davam etdirəcək, amma bu, Azərbaycan və ya Türkiyənin təşəbbüslərinə ciddi alternativ yaratmır.
Züriyə Qarayeva: İrəvanla Tehran əməkdaşlığı davam etdirəcək, amma...
Müsahibimiz bildirib ki, Azərbaycan üçün bu görüşün nəticələri daha çox simvolik xarakter daşıyır:
“Çünki nə “Şimal-Cənub dəhlizi”, nə də Ermənistan üzərindən hansısa geniş regional layihə real alternativ kimi formalaşmadı. Azərbaycanın təşəbbüsləri – Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji layihələri hələ də regionda əsas prioritet olaraq qalır”.
Politoloq bu görüşü daha çox “münasibətlərin davamlılığı” görüşü kimi xarakterizə edir:
“Tərəflər bir-birinə dəstək göstərdi, amma böyük strateji dönüş olmadı. Sadəcə İran və Ermənistanın təcriddən çıxmaq cəhdlərini təsdiqləyən bir jest idi”.
Zülfü Məmmədov