RU

İsrailin müdafiə naziri Qəzzaya müdaxilə strategiyasını təsdiqləyib

“Gideonun müharibə maşınları B” olaraq adlandırılan Qəzzanı daimi olaraq işğal etməyi məqsəd götürən hərbi əməliyyatı çərçivəsində təcili səfərbərlik əmri ilə ehtiyatdan əsgərlərin xidmətə çağırıldığı bildirilib.

İsrailin yerli mediasının bildirdiyinə görə, müdafiə naziri İsrael Katz Qəzzanı işğal etmək planını təsdiqləyib.

İctimai yayımçı KAN telekanalının yaydığı xəbərə görə, Katz fələstinliləri Qəzzanın şimalından tamamilə köçürmək məqsədi daşıyan may ayında başlayan quru hücumundan sonra planı “Gideonun müharibə maşınları B” adlandırıb.

KAN “Planın bir hissəsi olaraq hücumu həyata keçirmək üçün ehtiyatdan qoşunlar çağırılacaq” ifadəsindən istifadə etsə də, lazım olan əsgər sayını açıqlamayıb.

Planın daha sonra təsdiq üçün təhlükəsizlik kabinetinə təqdim ediləcəyi bildirilir.

“Kanal 12” telekanalının məlumatına görə, İsrail ordusu tərəfindən “8 saylı əmr” kimi tanınan təcili səfərbərlik göstərişləri artıq hazırlanıb və yaxın günlərdə on minlərlə ehtiyatdan əsgərlərin çağırılacağı gözlənilir.

İsrail rəsmiləri bəyan ediblər ki, gələn ay əlavə 50 min ehtiyadan əsgər çağırılacaq və bununla da aktiv ehtiyat qüvvələrin sayı 120 minə çatdırılacaq.

İsrailin Baş Qərargah rəisi general Eyal Zamir işğal planının mərhələlərini, o cümlədən Qəzzanın şimalında İsrail qüvvələrinin gücləndirilməsinin əsaslarını açıqlayıb.

Qəzzanın işğalı

Avqustun 8-də İsrail Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun Qəzzanı mərhələli şəkildə yenidən işğal etmək planını təsdiqləyib.

Plan təxminən 1 milyon fələstinlinin Qəzzadan cənuba məcburi köçkün edilməsini, ardınca şəhərin mühasirəyə alınmasını və yaşayış məhəllələrinin işğalını nəzərdə tutur.

Bunun bir hissəsi olaraq ordu avqustun 11-də Qəzzanın Zeytun məhəlləsinə böyük hücuma keçib.

Bölgədəki şahidlər hücumun minalanmış robotlarla evlərin sökülməsi, artilleriya atəşi, fərq qoymadan atəş açılması və məcburi köçürmə ilə həyata keçirildiyini bildiriblər.

İsrailin işğala hazırlığı HƏMAS ilə dolayı yolla atəşkəs danışıqları fonunda davam edir. HƏMAS Misir və Qətərin təklifi əsasında hərbi əməliyyatların 60 günlük dayandırılmasına razılıq vermişdi.

İsrail 2023-cü ilin oktyabr ayından Qəzzada 62 min 100-ə yaxın fələstinlini öldürüb. Hərbi hücum aclıqla üzləşən bölgəni viran qoyub.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada törətdikləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs olunmasına order verib.

İsrail də bu ərazidə apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.

Избранный
54
veteninfo.az

1Источники