Rusiya Baş Prokurorluğunun yaydığı məlumat görə, Rusiya Dövlət Dumasının sabiq deputatı Maqomed Hacıyev (Rusiyada xarici agent kimi tanınıb - red.) məxfi məlumatları 45 milyon dollara Qərbə təhvil verib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun iddia ərizəsində qeyd olunur.
İddia olunur ki, keçmiş deputat Rusiya Federasiyasından kənarda xarici vətəndaşlıq müqabilində Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
"Məxfi məlumatların açıqlanmasına görə Maqomed Hacıyev ABŞ hökumət qurumlarından ən azı 45 milyon dollar alıb. Bu, ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) tərəfindən də aşkarlanıb", - prokurorluğun ərizəsində qeyd olunur.
*** 09:52
Rusiya Baş Prokurorluğu baş prokuror İqor Krasnovun tapşırığı ilə aparılan yoxlamanın nəticələrinə əsasən, Mahaçqalanın (Dağıstan) Sovet Rayon Məhkəməsinə Dövlət Dumasının sabiq deputatı Maqomed Hacıyevin (Rusiyada xarici agent kimi tanınıb) və daha üç şəxsin ekstremist birlik kimi tanınması və onlara məxsus iki milyard rubldan çox məbləğdə daşınmaz əmlakın müsadirə olunması barədə iddia qaldırıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, yoxlama zamanı müəyyən edilib ki, keçmiş deputat Ukraynada hərbi münaqişə başladıqdan sonra xaricə gedib və orada Kiyevi dəstəkləməyə başlayıb, Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərib, Rusiya ordusunu nüfuzdan salıb və Rusiyaya qarşı sanksiyaları əsaslandırıb.
Hacıyevin Rusiya ərazisində yüksəklikvidli əmlakı qalıb: Dağıstanda, Moskvada və Moskva vilayətində ümumi dəyəri iki milyard rubldan çox olan kommersiya daşınmaz əmlakı, elit mənzillər və torpaq sahələri. O, "Usadba v Kadaşax" və "Kvintessens" şirkətlərinin nəzarəti altında olan bu əmlakı qohumlarının və yaxın şəxslərin adına rəsmiləşdirib. Əmlakdan gələn gəlirlər xaricə köçürülüb.
Baş Prokurorluq məhkəmə vasitəsilə keçmiş deputatın əmlakının ekstremist fəaliyyətin maliyyələşdirilməsi mənbəyi kimi Rusiya Federasiyasının gəlirinə çevrilməsini tələb edib.
Bundan əlavə, Baş Prokurorluq Hacıyevin nəzarəti altında olan "Sulaknefud" şirkətinin (şirkətin təsisçisi onun bacısıdır) 15 sentyabr 2033-cü ilə qədər rəsmiləşdirilmiş Dağıstandakı Çiryurt yatağında qum-çınqıl qarışığının çıxarılması üçün lisenziyasının ləğv edilməsini tələb edib. Qurumun məlumatına görə, Hacıyev təşkilatın mənfəətini ABŞ və Fransaya köçürür. Onun bu ölkələrdə də elit daşınmaz əmlakı var.
Hacıyev dörd çağırış Dövlət Dumasının deputatı olub - 2003-cü ilin dekabrından 2021-ci ilin oktyabrına qədər. Bundan əvvəl o, 1998-ci ildən 2001-ci ilə qədər Rusiya Federasiyasının Vergilər və Yığımlar Nazirliyinin Dağıstan Respublikası üzrə İdarəsinin rəis müavini, 2001-ci ildən 2003-cü ilə qədər isə Rusiya Federasiyasının Vergilər və Yığımlar Nazirliyinin Cənubi Federal Dairəsi üzrə regionlararası müfəttişliyində oxşar vəzifədə çalışıb.