RU

Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpüdür

Özbəkistan ölkəmizin müəllifi olduğu enerji, nəqliyyat-logistika dəhlizlərinə qoşulmaqla iqtisadi-siyasi dividentlər əldə etmək niyyətindədir

Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda fəal şəkildə inkişaf edərək strateji müttəfiqlik zirvəsinə yüksəlib. Tərəflər arasında yaradılmış Ali Dövlətlərarası Şurası münasibətlərin daha da irəliyə getməsinə mühüm töhfə verir. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksəksəviyyəli görüşün iştirakçılarına müraciətində vurğulayıb. Cənab Mirziyoyev əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Bu isə Özbəkistanın da Avropa ilə nəqliyyat-logistika tranzitlərində fəal yer almasında mühüm faktor kimi çıxış edir. Özbəkistan Azərbaycanın bu unikal nəqliyyat-enerji təşəbbüskarlığına qoşularaq Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə səmərəli dəhlizlərin inkişafı istiqamətində məqsədyönlü işləri davam etdirməkdədir.

Prezident İlham Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki səylərini yüksək qiymətləndirən Özbəkistanın dövlət başçısının fikrincə, bu çoxşaxəli tədbirlər ümumilikdə türk dövlətlərinin yerləşdiyi coğrafiyaların strateji yerini əks etdirməklə Qərb və Şərq arasında hab rolunu bərpa etməsinə imkan verəcək.

Yeri gəlmişkən, Ş.Mirziyoyev Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış üçtərəfli Birgə Bəyannamənin əhəmiyyətinə də toxunaraq bu mühüm sənədin bölgə üçün yeni əməkdaşlıq və rifah qapıları açacağına əminliyini ifadə edib. Nəticədə digər region ölkələrinin də çoxformatlı əməkdaşlıq platformasına qoşulması geniş iqtisadi-siyasi dividentlər əldə etməsinə imkan yaradacaq.

Hədəf ticari mübadiləni 500 milyon dollara çatdırmaqdır

Azərbaycan və Özbəkistan son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib və tərəflər sərmayə təşəbbüslərini artırmaq üçün ortaq maliyyə institutunun imkanlarından faydalanmaq niyyətindədir. İki ölkənin iqtisadi potensialı hədsiz dərəcədə böyükdür. İndiyədək Azərbaycanla Özbəkistan arasında 100-dən artıq sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə son 2 ildə də 30-dan artıq mühüm ikitərəfli sənəd imzalanaraq qüvvəyə minib. 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 250 milyon dolları ötüb, tərəflər bu rəqəmi 2 dəfə artıraraq 500 milyon dollara çatdırmağı hədəfləyib. Bu prosesdə birgə müəssisələrin yaradılması, biznes icmalarının qarşılıqlı fəaliyyətləri mühüm yer tutur. Hazırda Azərbaycanda 200-dən çox Özbəkistan şirkəti fəaliyyət göstərir ki, bu da iqtisadi-investisiya imkanlarının artmasına töhfə verir.

Həmçinin ötən il təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin fəallaşdırılmasını təşviq etməkdədir. Şirkət dövlət və özəl sektorun nümayəndələrini vahid sərmayə platformasında birləşdirərək onların qarşılıqlı sərmayə qoyuluşlarının istiqamətlərini müəyyənləşdirərək sərmayə proqramlarının icrasında koordinasiyaedici rol oynayır.

Özbəkistan Orta Dəhliz və Rəqəmsal İpək Yolunda fəal yer alır

Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan Şərq-Qərb nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri gücləndirir. Özbəkistan bu qovşaqda əsas coğrafi hüdudlardan biri kimi xüsusi yer alır. Çindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm arteriyaya çevrilən Orta Dəhliz Özbəkistan üçün də strateji əhəmiyyət daşıyır. Özbəkistan hökuməti özünün dəmir yolu infrastrukturlarının yenilənməsi, yeni tranzitlərin əlaqələndirilməsi istiqamətində səylə çalışmaqdadır. Həmçinin Avropa ilə Asiya arasında yaradılan yeni rəqəmsal dəhlizin - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsində də Özbəkistan Azərbaycanın yaxın tərəfdaşıdır.

Özbəkistan “Azərbaycan-Mərkəzi Asiya” “yaşıl enerji” dəhlizində də fəal yer alır. Ötən il Daşkənddə keçirilən forumda “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Memorandumun davamı kimi ilin sonunda 3 ölkə “yaşıl enerji” dəhlizinə dair saziş imzalayıb ki, bu sənəd beynəlxalq əhəmiyyətli hüquqi olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa formatının təsis edilməsinin hüquqi əsasını yaradıb. Sənəd bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, enerji infrastrukturu, həmçinin rəhbər komitə və işçi qrupunun yaradılması kimi məsələləri əhatə edir.

Üç qardaş ölkənin “yaşıl enerji” üzrə vahid siyasət təşəbbüsləri Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir, sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpa olunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb.

Qarabağ və Şərqi Zəngəzurda özbək sənaye klasterləri

Özbəkistan Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində də yaxından iştirak edir. Füzulidə özbək hökumətinin maliyyə dəstəyi ilə ilk məktəb inşa edilib, digər bərpa-quruculuq işlərinə töhfə verilir. Özbək şirkətləri bu ərazilərdə pambıqçılıq klasteri layihəsinin icrasına başlayıb və 2025-ci ilin iyul ayında Xankəndidəki toxuculuq fabriki işə düşüb. Layihənin ilkin mərhələsində peşəkar təlim keçmiş 250 nəfər işlə təmin olunub. Ümumilikdə, müəssisədə 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır.

Özbəkistan Qarabağ və Şərqi-Zəngəzurda özəl biznes layihəsi çərçivəsində bərpaolunan enerjinin istehsalı və emalını da inkişaf etdirməkdə maraqlıdır. Ötən il imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi”nə əsasən, azad edilmiş ərazilərdə təmiz enerjiyə keçid və dekarbonizasiya sahələri üzrə birgə layihələrin icrası çərçivəsində “yaşıl enerji” infrastrukturlarının qurulması, özəl investisiyalar hesabına yeni su elektrik stansiyalarının tikintisi, enerji resurslarından səmərəli istifadə nəzərdə tutulur.

Bir sözlə, Azərbaycan və Özbəkistan arasında yeni siyasi-iqtisadi münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxması əlaqələrin dinamikasını daha da artırır.

Prezident Şavkat Mirziyoyevin bəyan etdiyi kimi Özbəkistan Azərbaycanın müəllifi olduğu nəhəng enerji, nəqliyyat-logistika dəhizlərinə qoşulmaqla Qərb və Şərq arasında yaranan habda əsas ölkələrdən birinə çevrilir.

ELBRUS CƏFƏRLİ

Избранный
12
48
yeniazerbaycan.com

10Источники