"Qarabağ"ın prezidenti Tahir Gözəl "Ferentsvaroş"la matçı (3:1) stadiondan canlı izləyib.
Offsideplus.az xəbər verir ki, o, qarşılaşmanın ardından matçla bağlı fikirlərini bölüşüb:
“Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Liqa mərhələsində iştirak edəcək 28 komanda artıq bəllidir. Digər 8 yerdən 5-i isə Çempionlar yolunda yarışan klubların mübarizəsindən sonra müəyyənləşəcək. Artıq pley-offdayıq. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə yolunda son 10 komanda arasındayıq və 5 yerə namizədlərdən biriyik. Hər zaman olduğu kimi, bu gün də komandamın yanında idim. Bugünkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik”.
O, qazanılan qələbənin belə inamlı alınmağına da toxunub:
“Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. Birinci hissədə bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir”.
T. Gözəl Musanın qoluna çox sevindiyini də bildirib:
“Məni sevindirən məqamlardan biri də Musa Qurbanlının gözəl qol vurması oldu. Çünki bu, ona əlavə motivasiya verəcək. Onun qolu təkcə prezident yox, bir azarkeş kimi məni çox həyəcanlandırdı, sevindirdi. Bundan başqa, Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsində “Bodo-Qlimt”ə vurduğu qolun ötən mövsümün turnirdə ən ən gözəl 10 qolu sırasına düşməsi də məni qürurlandırdı. Həmin qolu UEFA-nın “Youtube” səhifəsində 3 milyondan çox insan izləmişdi”.