Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 10-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərə start verilib. “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika peşə ustalığı yarışları”nın regional turu da bu sıradandır.
Quba Elektrik Şəbəkəsində (EŞ) keçirilən açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək komandalara uğurlar arzulayıb. Qeyd olunub ki, yarışların keçirilməsində məqsəd energetiklərin müasir innovasiyalar və texnologiyalar, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları barədə bilik, bacarıqlarını inkişaf etdirməkdir. Bununla yanaşı, yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, eləcə də “Azərişıq” ASC tərəfindən ötən 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edəcəklər.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntelektual yarışda Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə 5 komanda – “Xaçmaz EŞ”, “Şabran EŞ”, “Quba EŞ”, “Qusar EŞ” və “Siyəzən EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sualı cavablandırmağa çalışıblar.
Yarışların ikinci mərhələsində isə energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər. Komandaların hər iki mərhələdə əldə etdiyi xalların nəticələrinə əsasən Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə keçirilən regional turun qalibi “Siyəzən EŞ” olub. Beləliklə, komanda “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika peşə ustalığı yarışları”nın Hadrutda təşkil olunacaq final mərhələsində iştirak edəcək.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.