RU

“Mən hərb sənəti üçün doğulmuşam...”

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı Nicad Bədəlovdur

O, Vətən müharibəsinin əfsanəvi qəhrəmanlarındandır. Ondan söz düşəndə, döyüş yoldaşları, adətən, çox səmimi şəkildə qəlblərindən dillərinə axan bu sözləri söyləməyi özlərinə borc bilirlər: “Nicad düşmən artilleriyasının belə dayandıra bilmədiyi komandirlərdəndir!..”

Bəli, döyüşdə sinəsini qabağa verən, əsgərlərin önündə gedən igidlərdəndir. Ən ağır, həlledici döyüşlərdə qeyri-adi şücaətlər, qətiyyət və peşəkarlıq nümayiş etdirən cəngavərdir. Haqqında çox eşitmişdim, elə buna görə də qəzetimiz üçün ondan müsahibə almağa böyük həvəslə getmişdim. Məni səmimi qarşıladı. Vaxt itirmədən söhbətə başladıq.

– Cənab komandir, xalqımız qarşıdakı həftələr ərzində düşmən üzərində Tarixi Zəfərimizin 5-ci ildönümünü qeyd edəcək. Bu münasibətlə qəzetimizin xüsusi layihəsi var: oxuculara vaxtaşırı Vətən Müharibəsi qəhrəmanlarının ömür və döyüş yollarından bəhs edən yazılar təqdim edirik. Budəfəki müsahibəmizin qəhrəmanı sizsiniz. Hərb meydanında öz sözünüzü demisiniz, bu dəfə sözün meydanındasınız...

– Hiss edirəm ki, sözün meydanında məsuliyyət heç də döyüşlərdə olduğundan az deyil. Amma, gəlin, səmimi danışaq. Mən hərbçiyəm, çox danışmaqla da aram yoxdur, amma xalqımıza canım qurbandır, əziyyət çəkibsiniz, bizim hərbi hissəyə gəlmisiniz. Deyirsiniz ki, bu müsahibə oxucular üçün də maraqlı ola bilər, ona görə də bacardığım qədər suallarınıza cavab verəcəyəm. İcazənizlə, əvvəlcə, tərcümeyi-halımı danışım. Axı, jurnalistlər bu sualı çox tez-tez verirlər.

– Buyurun, sizi böyük məmnuniyyətlə dinləməyə hazırıq...

– Mən 1989-cu il dekabrın 12-də Qazax rayonunun Bala Çaylı kəndində hərbçi ailəsində doğulmuşam. Atam Mehman Bədəlov zabitdir, anam Gülnar Bədəlova isə müəllimədir.

Atam zabit peşəsinə qəlbən bağlı insandır. Mən onunla bütün ömrüm boyu fəxr etmişəm. Düşünürəm ki, onun bir hərbçi kimi ən yaxşı keyfiyyətləri irsən mənə də keçib.

Uşaqlıqdan hərbçi olmaq arzusunda idim. Orta məktəbi bitirəndən sonra Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etmişəm.

2000-ci ildə DİN Daxili Qoşunlarının Orta ixtisas hərbi məktəbinə daxil oldum və 2003-cü ildə təhsilimi başa vuraraq leytenant rütbəsi aldım.

– Zabit kimi xidmətə necə və harada başladınız? İlk günlər çətin idimi?

– Yox, elə bir çətinlik olmadı. Axı, mən qeyd etdim ki, hərbçi ailəsində doğulmuşam. Bu peşəni çox sevirəm. Bu, mənim həm peşəm, həm məsləkim, həm də idealımdır.

Bir az səbr edin, hamısını sizə nəql edəcəyəm. Zabit kimi hərbi xidmətə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı hərbi dəstəsinin qrup komandiri kimi başladım.

Ümumiyyətlə, xidmətimin çox hissəsini xüsusi təyinatlı hərbi hissələrdə keçirmişəm. 2014-cü ildə Türkiyənin Sparta şəhərində Dağ komandirləri məktəbində təşkil olunan kursda oxumuşam. Bundan sonra qardaş ölkədə 2 nüfuzlu hərbi məktəbdə təhsil almışam. 2016-2017-ci illərdə Türkiyə Jandarm Baş Komandanlığının Jandarm və Sahil Güvənlik Akademiyasında oxumuşam. 2023-cü ildə İstanbulda Milli Savunma (Müdafiə-müəllif) Universitetində təhsilimi başa vurmuşam.

Hər bir zabit üçün mükəmməl biliklər almaq son dərəcə vacibdir. Mən deyərdim ki, bu, həyati əhəmiyyət kəsb edir. Aldığım bilgilər, qatıldığım təlimlər, məşğələlər döyüş meydanında nəinki köməyim oldu, həm də qazandıqlarımı şəxsi heyətə də öyrətdim.

Fəxrlə deyə bilərəm ki, türk hərbi təhsil sistemi dünyanın ən yüksək təhsil sistemlərindən biridir. Orada bizi çox sevirlər. Hamının dilindən yalnız bu sözü eşidirdim: Can Azərbaycan! Hər dəfə də qəlbim qürur hissi ilə dolurdu. Bu gün də orada çoxlu dostlarım var.

– Belə bir deyim var: Hərbçilər bir gün imtahan vermək üçün illərlə öyrənirlər, təlim keçirlər. Siz də bütün bu yolları keçmisiniz. Nəhayət, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın igid oğulları Vətən, torpaq naminə çətin imtahana girdilər...

– Bəli, həmin təqvim hərb tariximizin yeni şanlı bir səhifəsinin yazıldığı gündür. Azərbaycan Ordusunun bir zabiti, komandiri kimi Ali Baş Komandanın əmrinə əsasən döyüş meydanına atıldıq. İlk döyüşə Kəlbəcər istiqamətindən başladıq. Ordumuzun şücaəti, döyüşkənliyi, ən başlıcası, mənəvi birliyimiz hamıda ilk gündən qələbəmizə sonsuz bir inam yaratmışdı. Hamı ürəklə, kişi qeyrəti ilə vuruşurdu. Bu sözləri xahiş edirəm, mütləq yazın: Bu xalq güclü və qeyrətli xalqdır! 44 günlük müharibə bu həqiqəti bütün dünyaya nümayiş etdirdi!

Şəxsi heyətin inanılmaz dərəcədə dözümlülüyü, qələbəyə əminlik hissi hər bir döyüşçüdə o qədər güclü idi ki, heç bir düşmən bizim qarşımızda dayana bilməzdi. Biz doğma torpağımız uğrunda savaşırdıq. Bu, ədalətli müharibə idi. Tamamilə inanırdım ki, biz döyüşdə mütləq qalib gələcəyik.

Növbəti ağır döyüşlər Cəbrayıl rayonu istiqamətində oldu. Məkanından asılı olmayaraq hər qarış torpağımız uğrunda inamla vuruşur, qələbə ruhu ilə irəliləyirdik. Amma döyüş meydanı heç də asan deyil. Sözlə ifadə edilməyən hisslər, hadisələr baş verir ki, bunlar, əlbəəttə, həyatın və müharibənin reallıqlarıdır.

Döyüşdə komandirin rolu böyükdür. Sən qalib gəlmək üçün sona qədər döyüşməlisən, şəxsi heyəti arxanca aparmağı bacarmalısan. Ölümə belə soyuqqanlı baxmalısan, göz yaşını içində boğmalısan.

– Sizin çalışdığınız hərbi hissədə şəhid əsgər və zabitlərimiz ilə bağlı foto-stendlər diqqətimi cəlb etdi. Qürurverici haldır ki, hissənizdə müharibədə həyatını itirmiş əsgər və zabitlərimizin xatirəsi hamı tərəfindən çox əziz tutulur...

– Vətən naminə canını qurban verən Azərbaycan oğullarının adları hər birimizin ürəyinə, yaddaşına əbədi yazılıb. Biz müharibəni qazi və şəhidlərimizin qanı, canı hesabına qazanmışıq. 1-ci Vətən müharibəsində Daxili Qoşunların 682 hərbi qulluqçusu döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, 479 nəfər müxtəlif dərəcələrdə xəsarətlər almış, 4 nəfər hərbi qulluqçusu isə itkin düşmüşdür.

Vətən müharibəsi zamanı Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu şəhid olmuş, 346 hərbçi isə yaralanmışdır. 2023-cü ilin payızında keçirilən antiterror tədbirləri zamanı isə Daxili Qoşunların 12 nəfər hərbi qulluqçusu şəhid olmuş, 24 hərbçisi isə yaralanmışdır.

Vətən qəhrəmanları ilə güclüdür, yenilməzdir. Azərbaycan xalqı mübariz, qorxubilməz xalqdır. 1-ci Qarabağ müharibəsində DİN Daxili Qoşunlarının 9 hərbi qulluqçusu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onlardan yalnız 1 nəfəri həyatdadır: Məmmədov İsa Ələmdar oğlu. Allah dünyasını dəyişən qəhrəmanlara rəhmət eləsin!

Vətən müharibəsində isə DİN Daxili Qoşunlarının 3 hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

– Vətən müharibəsində ən ağır döyüşlər cəbhənin hansı istiqamətində baş vermişdir?

– Ən ağır döyüşümüz Füzuli istiqamətində olmuşdur. Həmin günlər canımızdan canlar ayrılırdı, 821 nəfər şəhidimiz oldu, 11 gün ağır döyüşlər getdi. Şuşa şəhəri ətrafında, xüsusilə 1553 metr hündürlükdə gedən döyüşlər haqqında isə onu deyə bilərəm ki, Azərbaycan Ordusu bu müharibədə yeni bir tarix yazdı.

Canlı əfsanələrdən – qəhrəman oğullarımızdan nə qədər bacarırsınız yazın, çünki onlar özlərində yüzlərlə igid yaşadırlar. Məşhur Topxana meşəsində gedən şiddətli döyüşlər kino lenti kimi gözlərimin önündən getmir. Biz ora “Sızma” əməliyyatı ilə gecə vaxtı hərəkət etdik. Düşmənin çox sayda şəxsi heyəti həmin yüksəkliyi inadla qoruyurdu.

Bilirsinizmi, bu yüksəkliyin xüsusi olaraq qorunmasının səbəbi nə idi? Həmin mövqedən Daşaltı, Şuşa şəhəri istiqamətlərinə, bundan başqa Laçın dəhlizinə gedən yollara nəzarət olunurdu. Ona görə də bu yüksəklikdə ölüm-dirim mübarizəsi getdi. Həmin mövqeni ələ keçirdikdən sonra Laçından, Şuşadan, Mədətkənddən, Şuşakənddən, Xankəndi istiqamətindən artilleriya atəşləri susduruldu.

Noyabrın 7-si saat 15 radələrində artıq biz Şuşa şəhərinə daxil olmuşduq. Həm sevincli idik, həm də kədərli. Elə oğullar Vətən yolunda canını qurban verdilər ki, onların yeri həmişə görünəcək. O torpaqların hər qarışında şəhidlərimizin qanı tökülüb.

İçimiz sızlasa da, etiraf etməliyik ki, əsirlikdə qalan torpaqlarımızı xilas etmək bizim nəslin taleyinə yazılmışdı. Tarix və zaman qarşısında çox böyük imtahandan məğrur, qalib çıxdığımıza görə xoşbəxtik. Biz bir xalq və dövlət olaraq Zəfərimizi qazandıq.

Ali Baş Komandan, cənab İlham Əliyevə minnətdaram. Ali Baş Komandan müharibənin ilk anından sona qədər bizimlə birgə oldu. Məhz onun rəhbərliyi altında Azərbaycan Ordusu, bütün xalq, millət, bir sözlə, hər kəs döyüşdü və heç vaxt qələbə əzmini itirmədi.

Sizinlə Zəfərimiz elan olunan günün təəssüratını bölüşmək istəyirəm. Dediyim kimi, mən noyabrın 7-dən Şuşada idim. Noyabrın 8-də Şuşada olan hərbçilərin hər biri sevincdən göz yaşlarını saxlaya bilmirdi. Bu elə bir hiss idi ki, o anları duymaq, yaşamaq lazım idi...

– Siz çox yüksək mükafata – “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüsünüz. Ürəkdən təbrik edirəm sizi. Bu xəbəri eşidəndə ürəyinizdən keçəni dilinizdən eşitmək maraqlı olardı...

– 9 dekabr 2020-ci ildə cənab Ali Baş Komandanın sərəncamı ilə bu ada layiq görülmüşəm. Səmimiyyətimə inanın, bu xəbəri dekabrın 15-də almışam. Səbəbi isə onunla əlaqədar idi ki, müharibə qurtarsa da, vuruşan ordunun zabiti olaraq müəyyən istiqamətlərdə tapşırıqları icra edirdim. Məsələn, mən Laçın istiqamətində idim. Döyüş yoldaşlarımdan ağır yaralananlar, şəhid olanlar var idi. Bu itkilərin hər biri çox ağırdır. Bunu sözlə ifadə edə bilmirəm.

Sizin dediyiniz müjdənin sevincini həmin anlarda tam yaşaya bilməsəm də, əlbəttə ki, sonsuz qürur hissi keçirirdim ki, dövlətim, Vətənim, Prezidentim mənə son dərəcə böyük etimad göstərib.

Bu yüksək adı ləyaqətlə daşımaq mənim borcumdur. Çünki bu adda Vətən məfhumu var, bu adın mahiyyətində şəhidlərin ruhu təcəssüm olunub. Bu məqamdan istifadə edərək məni bu mükafata təqdim edən rəhbərliyimə minnətdarlığımı bildirmək istəyirəm. Ali Baş Komandanımızın isə hər zaman müsəlləh əsgəriyəm!... Zəfərimizin 5-ci ildönümü mübarək olsun!

– Mən isə qəzetimizin kollektivi adından sizə təşəkkür edirəm.

Kəmalə ABDİNOVAXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
xalqqazeti.az

2Источники