RU

Fransanın əl çəkmək istəmədiyi Yeni Kaledoniya

Gözəlliyi ilə görənləri heyran edən diyar  

Dünyanın səyahət etməli ölkələrindən biri də Yeni Kaledoniyadır. Bəs biz bu ada ölkəsi haqqında nə bilirik, nə qədər məlumatlıyıq? Bu ölkənin yaxın və uzaq tarixini vərəqlədikcə öyrənirik ki, Yeni Kaledoniya 1774-cü ildə ingilis dəniz səyyahı, bütün materiklərə ayaq basmış ilk insan Ceyms Kuk tərəfindən kəşf edilib. 

Görkəmli səyyah adaya əcdadlarının doğma vətəni olan Şotlandiyanın qədim adını qoyub - Kaledoniya. 

1917-ci ildə aparılan tədqiqatlar zamanı aşkar olunan qədim keramika qalıqları adanın avropalılara qədərki tarixinin eramızdan əvvələ, 13-cü əsrə qədər gedib çıxdığını sübut etmişdir. Avropalıların bu ada ölkəsinə fəal gediş-gəlişi isə 1840-cı illərdə səndəl ağacı alverçiləri, eləcə də ingilis və fransız missionerləri ilə başlamışdır.

Gözəlliyi ilə görənləri heyran edən Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumudur. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Yeni Kaledoniya cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. 

Ada ölkəsinin paytaxtı Numea şəhəridir. Yeni Kaledoniyanın ən böyük adası, əsasən dağlıq əraziyə malik olan Qrand Terdir. Sahilləri çox girintili olan Terdin rahat körfəzləri var. Uzun qaya silsiləsi ilə əhatə olunması adaya xüsusi yaraşıq verir. İqlim şəraiti kifayət qədər əlverişli olduğuna görə Yeni Kaledoniya zaman-zaman Avropa mühacir koloniyasına çevrilmişdir. Adaya sinəsindən axan çoxlu sayda çaylar da xüsusi gözəllik verir. Münbit qırmızı torpaqlar üstünlük təşkil etdiyinə görə burada xeyli sayda qiymətli ağac növləri bitir.

Fransa 1853-cü ildə heç bir əsas olmadan Yeni Kaledoniya adalarının ona məxsus olduğunu iddia etmişdir. Adada mövqelərini möhkəmləndirəndən sonra 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti məhkum edilmiş cinayətkarları bu koloniyaya göndərmişdir. Bununla kifayətlənməyən fransızlar gəlir əldə etmək məqsədilə adada qəhvə və kokos plantasiyaları əkmişlər. XIX əsrin sonlarından isə adadakı mineral ehtiyatların - nikel, kobalt, xrom, dəmir, manqan, qızıl, qurğuşun və s. çıxarılmasına başlanmışdır. 1946-cı ildə Yeni Kaledoniya Fransanın dənizaşırı ərazisi statusunu almışdır. 

Adanı ziyarət edənlərin çox olması adanın buranın gözəlliyi ilə bərabər iqlimi ilə də bağlıdır. Yeni Kaledoniyanın yay tətili üçün əlverişli imkan yaradan subtropik iqlimi var. Orta temperatur 24 dərəcədir, iyun, iyul və avqust aylarında isə 22 dərəcəyə enir. Bu ada ölkəsində isti mövsüm bir qayda olaraq dekabr, yanvar, fevral və mart aylarında başlayır. Ona görə də bura həm yay, həm də qış fəsillərində səfər etmək mümkündür. 

Yeni Kaledoniyanın ümumi ərazisi 18576 kvadrat kilometrdir. Ölkənin iki fərqli bayrağı var. Bunlardan biri Fransa, digəri isə Yeni Kaledoniya bayrağıdır. Yeni Kaledoniya bayrağı üç rənglidir - mavi, qırmızı və yaşıl. Mavi göyü, qırmızı qan və sosializmi, yaşıl isə ərazinin rəmzidir. Buranın Fransaya məxsus olması səbəbindən rəsmi dil fransız, rəsmi pul vahidi isə CFP frankıdır.  

Haqqında söhbət açdığımız Yeni Kaledoniyanın hər addımında fransızların təsirini görmək mümkündür. Hətta mətbəx də istisna deyil. Fransız və yerli mətbəxin qarışığı bu ölkəyə gələnlər üçün geniş seçim imkanları yaradır. Mətbəxin əsas inqredientləri balıq, maniok, kokos südü, eskarqo, yengəc və müxtəlif meyvələrdir. Başqa ada ölkələrində olduğu kimi, Yeni Kaledoniyada da dəniz məhsulları yerli pəhrizin ən vacib elementləridir. Bu ölkəyə üz tutanlara 300-dən çox balıq növündən müxtəlif yeməklər təklif olunur.

Burada yaşayan insanların həyat tərzi də çox maraqlıdır. Ölkəyə səfər edənlər sakinlərin həyat tərzindən, mədəniyyətindən çox şey  öyrənirlər. Yeni Kaledoniyada bir-birinə bənzəməyən çoxlu sayda çimərliklər də var. Paytaxt Numea Anse Vata, Baie des Citrons, Cote Blanche və Kuendu Beachdəki çimərliklər turistlərin zövqünü oxşayır. 

Məlumdur ki, xalqların mədəniyyətinin, tarixi keçmişinin öyrənilməsində  muzeylərin rolu əvəzsizdir. Yeni Kaledoniyada maraqlı əsər və kolleksiyalardan ibarət olan xeyli baxımlı muzeylər fəaliyyət göstərir. Muzeylərin əksəriyyəti ölkənin paytaxtında yerləşir. Yeni Kaledoniya muzeyi, Şəhər muzeyi, Dənizçilik muzeyi və İkinci Dünya müharibəsi muzeyi. Ənənəvi olaraq hər il may ayında bu ada ölkəsində Muzey festivalı keçirilir və həmin çağlarda muzeylərə giriş pulsuz olur.

Yeni Kaledoniyanın paytaxtı tətil üçün olduqca əlverişli bir məkandır. Gələn qonaqların rahatlığı üçün şəhərdə hər şey - kafelər, restoranlar, hotellər, çimərliklər, barlar, mağazalar fəaliyyət göstərir. Paytaxtı gəzdikcə çoxlu müstəmləkə binaları, yerli mədəniyyət nümunələri, müasir tikililər və daha maraqlı mənzərələr görmək mümkündür. Yeni Kaledoniyada keçirilən festival və yarmarkalar da həm sakinlərin, həm də qonaqların diqqətini cəlb edir.

Məhz bu gözəlliyinə, yeraltı və yerüstü sərvətlərinə görə Fransa Yeni Kaledoniyanı əbədi olaraq əlində saxlamaq istəyir. 1987-ci il sentyabrın 13-də Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirilib. Referendum müstəqillik tərəfdarları tərəfindən boykot edildiyindən seçicilərin cəmi 59 faizi iştirak edib. 1998-ci ildə Numea sazişi imzalanıb. Sazişə əsasən, 20 ildən sonra ərazinin sakinləri iki il fərqlə üç müstəqillik referendumunu keçirmək hüququ əldə ediblər. 

Həmişə demokratik ənənələri ilə öyünən, demokratiyadan, mətbuat və söz azadlığından dəm vuran Fransanın XXI əsrdə müstəmləkəçiliyi yeni formada, lakin daha ağır şərtlər altında davam etdirməsi qəbuledilməzdir. 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin müntəzəm olaraq dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların tələblərinə, müstəqillik arzularına hörmətlə yanaşmalı, neokolonializm siyasətini dayandırmalıdır. Bu ərazilərdə yaşayan xalqlar yerüstü və yeraltı sərvətlərinə sahib çıxmalıdırlar. Ondan sonra həm Yeni Kaledoniya, həm də başqa dənizaşırı ölkələr daha da gözəlləşəcək və buradakı insanlar azad və rahat yaşayacaqlar.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
135
azerbaijan-news.az

1Источники