ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə keçirdiyi görüş dünya mediasında geniş müzakirə olunub.
Modern.az xəbər verir ki, "Politico", "Le Monde", "Bloomberg", CNN və digər aparıcı nəşrlər bu hadisəni Qərb alyansının gələcəyi üçün mühüm sınaq kimi dəyərləndiriblər.
Fərqli baxışlara baxmayaraq, əsas nəticə odur ki, transatlantik birliyin möhkəmliyi hələ də qorunur.
CNN görüşü “Avropanın Putinə cavabı” kimi təqdim edib. Nəşrə görə, Putin Aļyaskadakı görüşündə Qərbi parçalamağa çalışmışdı, amma Avropa və ABŞ liderlərinin Ağ Evdə bir araya gəlməsi bunun əksinə - güclü birlik mesajı oldu. Jurnalistlər bunu İkinci Dünya müharibəsindən sonrakı müttəfiqlərin tarixi toplantılarına bənzədiblər.
Britaniyanın "The Independent" nəşri isə daha sərt mövqe sərgiləyib. Qəzet Zelenskinin “çox çətin vəziyyətdə qaldığını” yazıb. Trampın jest və zarafatlarının Ukrayna Prezidentini narahat etdiyi vurğulanıb. Xüsusilə, Zelenski döyüş şəraitində seçkilərin keçirilməsinin çətinliyini izah edərkən Trampın gülərək “Deməli, müharibə olsa, seçkilər ləğv olunur?” sözləri Qərb mediasında böyük rezonans doğurub.
Fransanın "Le Monde" qəzeti diqqəti başqa məqama yönəldib: “Bu görüş göstərdi ki, ABŞ Rusiyasız heç bir razılaşma əldə edə bilməz. Amma eyni zamanda, Ukraynanı və Avropa liderlərini prosesdən kənar saxlamaq da mümkün deyil”. Nəşr yazır ki, görüş Zelenski-Putin birbaşa görüşünün hazırlığı kontekstində baş tutur.
ABŞ-ın "Bloomberg" agentliyi isə tonun əvvəlki dövrlərə nisbətən yumşaldığını qeyd edib. Qeyd olunur ki, fevral ayında Zelenskinin Vaşinqton səfəri Trampın sərt sözləri və ABŞ yardımının müvəqqəti dayandırılması ilə nəticələnmişdi. Bu dəfə isə münasibətlər daha müsbət olub, tərəflər bir-birini açıq tərifləyiblər. Agentlik yazır ki, bu Zelenski üçün mühüm diplomatik uğurdur.
"Politico" görüşü ən uğurlu hadisələrdən biri kimi qiymətləndirib: “Transatlantik alyans ciddi sınaqdan çıxdı və hələ də güclüdür”. Jurnal yazır ki, Tramp ilk dəfə açıq şəkildə Ukraynaya təhlükəsizlik zəmanətləri vermək ideyasından danışıb. Bu, bəziləri üçün dönüş nöqtəsi sayılsa da, hələ də detalları və icrası bəlli deyil. ABŞ-ın birbaşa hərbi qoşun göndərməsi ehtimalı isə çox azdır.
Britaniyanın "The Guardian" qəzeti isə görüşün nəticəsini belə ifadə edib: “İsti idi, amma yanmadı”. Qəzet yazır ki, Zelenski görüşdən “sağ-salamat” çıxa bildi. Yəni nə böyük diplomatik böhran yaşandı, nə də Ukrayna “sülhə mane olan tərəf” kimi göstərildi. London nəşri qeyd edir ki, tərəflər razılaşmasalar da, ən azı birliyi qorumaq və Moskvanın təşəbbüsünü ələ keçirməsinə imkan verməmək üçün ortaq mesaj verdilər.