London, 19 avqust, AZƏRTAC
Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer 30-dan çox beynəlxalq liderlə birlikdə “İstəklilər koalisiyası”nın virtual iclasına həmsədrlik edib.
AZƏRTAC Dauninq Stritə istinadla xəbər veri ki, Baş nazir əvvəlcə Vaşinqtonda dünən keçirilən danışıqların nəticələrinə toxunaraq görüşün konstruktiv ruhda keçdiyini vurğulayıb. O, Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində vahid mövqe və ortaq məqsədin açıq şəkildə hiss olunduğunu qeyd edib.
Növbəti addımlardan danışarkən Baş nazir Koalisiyanın planlaşdırma qruplarının yaxın günlərdə ABŞ tərəfdaşları ilə görüşəcəyini, güclü təhlükəsizlik təminatlarının hazırlanacağını və döyüşlərin dayandırılması halında əminlik qüvvəsinin yerləşdirilməsi üzrə planların möhkəmləndiriləcəyini bildirib. Liderlər, həmçinin Rusiya Prezidenti Vladimir Putinə təzyiqlərin, o cümlədən sanksiyalar vasitəsilə davam etdirilməsinin vacibliyini müzakirə ediblər.
Baş nazir iclas iştirakçılarını yaxın günlərdə və həftələrdə aparılacaq işlərin gedişi barədə yenidən məlumatlandıracağını qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London