RU

Bu ilin sonuna dövlət büdcəsinin gəlirləri 39,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır

Bu ilin sonuna Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur.

Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların məlumatına əsasən, büdcə gəlirlərinin 49,1 faizi (19 milyard 243 milyon manat) neft-qaz sektorunun, 50,9 faizi (19 milyard 949 milyon manat) isə qeyri-neft-qaz sektorunun payına düşür. Hər iki sahə üzrə artım proqnozlaşdırılır – neft-qaz sektoru üzrə gəlirlər 470 milyon manat (2,5%), qeyri-neft sektoru üzrə isə 366 milyon manat (1,9%) artacaq.

Büdcə gəlirlərinin strukturuna baxıldıqda, vergilər və rüsumlar üzrə daxilolmalar 16 milyard 320 milyon manat səviyyəsində gözlənilir ki, bu da cari ilə nisbətən 820 milyon manat və ya 5,3 faiz çoxdur. Gömrük rüsumları və idxal vergiləri 6 milyard 600 milyon manat, Dövlət Neft Fondundan transfertlər 14 milyard 481 milyon manat, büdcədənkənar daxilolmalar 680 milyon manat, digər gəlirlər isə 1 milyard 111 milyon manat təşkil edəcək.

Vergi daxilolmalarının 26,3 faizi (4 milyard 300 milyon manat) neft-qaz sektorundan, 73,7 faizi (12 milyard 20 milyon manat) isə qeyri-neft-qaz sektorundan əldə olunacaq. Neft-qaz sektorunda daxilolmaların əsas hissəsi Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən podratçılardan və SOCAR tərəfindən ödənilən vergilərdən ibarət olacaq. Şahdəniz üzrə mənfəət vergisi daxilolmalarının 2025-ci ildə 600 milyon manat və ya 40 faiz artacağı gözlənilir. Bu artım, Azərbaycan qazının satış qiymətinin 1000 kub metr üçün 313 ABŞ dolları səviyyəsində müəyyən olunması ilə bağlıdır.

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları isə 3 faiz artaraq 12 milyard 20 milyon manata çatacaq.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında vergi daxilolmaları proqnozdan 466,4 milyon manat (5,7 faiz) artıq olub. Bunun 218,6 milyon manatı qeyri-neft, 247,8 milyon manatı isə neft-qaz sektorunun payına düşüb. Bu dinamika 2025-ci ilin sonuna gözlənilən büdcə gəlirlərində artımı şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Избранный
28
12
teleqraf.com

3Источники