2025-ci ilin iyun-avqust ayları ərzində “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində gənc istedadların iştirakı ilə muğam, rəqs, rəsm və instrumental musiqi üzrə bir-birindən maraqlı müsabiqələr təşkil olunub.
“Cebheinfo.az” xəbər verir ki, layihənin rəhbəri, Birliyin sədri Vüsalə Qələndərli bildirib ki, bu təşəbbüs sadəcə müsabiqələr silsiləsi deyil, ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcılıq qabiliyyətli uşaq və gənclərin cəmiyyətə tanıdılması, bacarıqlarının inkişaf etdirilməsi və onlara stimul verilməsi üçün yaradılmış möhtəşəm platformadır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində növbəti müsabiqə 11 avqust tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılar öz istedadlarını nümayiş etdiriblər – musiqi ifaları, bədii qiraət, rəqs və müxtəlif yaradıcı çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Parlaq Ulduzlar – gənc istedadların tanıdılması” layihəsi çərçivəsində Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqələrin əsas məqsədi gənc istedadları üzə çıxarmaq, onların yaradıcılıq və bacarıqlarını geniş ictimaiyyətə tanıtmaqdır.
"Bu müsabiqələr Uşaqların və gənclərin özünəinamını artıracaq, incəsənət, musiqi, elm və mədəniyyət sahələrində gizli istedadlarını aşkara çıxaracaq. Gənclərin maariflənməsinə, inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək olunacaq. Vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərə bağlılığı möhkəmlənəcək. Beləliklə, müsabiqələr həm iştirakçılara özlərini ifadə etmək imkanı verir, həm də ictimaiyyətə yeni gənc istedadları tanıdaraq onların gələcək uğurlarına yol açır"-deyə layihə rəhbəri əlavə edib.
“Cebheinfo.az”