RU

Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər

Ağ Evdəki mənbə danışıqlar üçün Budapeştin nəzərdən keçirildiyini bildirib...

Poliqon xəbər verir ki, Vaşinqton sammitindən sonra ABŞ sabiq prezidenti Donald Trampın elan etdiyi Vladimir Putin və Vladimir Zelenski görüşü Macarıstanda baş tuta bilər. Reuters-in Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, danışıqların məkanı məhz Budapeşt ola bilər.

Qeyd edək ki, Tramp “Truth Social” şəbəkəsində yazıb ki, görüşün yeri sonradan müəyyən ediləcək. Onun sözlərinə görə, əvvəlcə Putin və Zelenski arasında ikitərəfli sammit keçiriləcək, daha sonra ABŞ prezidentinin də iştirakı ilə üçtərəfli görüş təşkil olunacaq. Reuters Avropa nümayəndə heyətindəki mənbəyə istinadla yazır ki, bu ardıcıllığı məhz Putin təklif edib.

Almaniya kansleri Fridrix Merts sammitdən sonra bildirib ki, Rusiya və Ukrayna liderlərinin görüşünün qarşıdakı iki həftə ərzində keçirilməsi planlaşdırılır.

Daha əvvəl İtaliyanın baş naziri Corca Meloni üçtərəfli sammitin Romada, Fransa prezidenti Emmanuel Makron isə Cenevrədə keçirilməsini təklif etmişdi. Bu barədə Corriere della Sera qəzeti yazmışdı.

Macarıstan əvvəllər də Tramp və Putin görüşü üçün mümkün məkan kimi nəzərdən keçirilmişdi. Həmin görüş isə nəticədə Alyaskada baş tutmuşdu. CNN-in məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban həm ABŞ, həm də Rusiya prezidentinə yaxın münasibətlərə malikdir. Bundan əlavə, ölkə bu ilin aprelində Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasından çıxdığını elan etmişdi. Həmin məhkəmə isə Putin barəsində həbs orderi vermişdi.

Poliqon.info

Избранный
60
25
poliqon.info

10Источники