Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 18-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial şəkildə görüşmək, təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili isə müdafiə etdiyi şəxslə məhkəmə zalında telefonla danışmaq istədiyini bildirib.
Sədrlik edən hakim müdafiəçilərin vəsatətlərini təmin edərək telefon danışığı və konfidensial görüş keçirilməsi üçün məhkəmədə fasilə elan edib.
Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri ilə davam etdirilib.
Zərərçəkmiş şəxs Eldar Həsənovun hüquqi varisi - oğlu Namiq Həsənov ifadəsində atasının 1992-ci il fevralın 26-da Xocalıda Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində şəhid olduğunu söyləyib. “Atam həmin vaxt Ağdamdan Xocalıya köməyə getmişdi. Mən və doğmalarım isə Ağdam rayonundan məcburi köçkün düşmüşük”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs Pənah Məmmədovun hüquqi varisi Məzahir Məmmədov ifadəsində Laçın rayonunun Oğuldərə kəndinin sakini olduğunu, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları yerdən məcburi köçkün düşdüyünü bildirib. Onun qardaşı Pənah Məmmədov 1993-cü ildə Ağdamda döyüşlər zamanı itkin düşüb.
Zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadəsində Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun suallarını cavablandıran Ç.Alməmmədov həlak olan doğmalarının Ağcabədi rayonunda dəfn edildiyini deyib.
Zərərçəkmiş şəxs Nuran Qasımov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 günlük Vətən müharibəsində və 2021-ci ildə Laçında şərti sərhədin yaxınlığında yaralanıb. Onun qardaşı Teymur Qasımov isə 2016-cı ilin Aprel döyüşləri zamanı, aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində şəhid olub.
Hidayət Cahangirov ifadəsində Vətən müharibəsi zamanı - 2020-ci il oktyabrın 12-də yaralandığını söyləyib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında yaralanması ilə əlaqədar 2021-ci ilin may ayına qədər müalicə olunduğunu deyib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Sərvin Cavadzadə 2020-ci ilin Vətən müharibəsi zamanı, oktyabrın 15-də Cəbrayıl istiqamətində yaralandığını deyib.
Vüqar Fərəcov ifadəsində Xankəndidə yaşadığı evin 1988-ci ildə ermənilər tərəfindən talan olunduğunu, nəticədə doğmaları ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. O, məcburi köçkün düşənə qədər Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə təhsil aldığını deyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs Xankəndidə bütün azərbaycanlılara qarşı təzyiqlər olduğunu, evlərin talan edildiyini və yandırıldığını söyləyib. V.Fərəcov məcburi köçkün olarkən ailə üzvləri ilə birlikdə Qubadlı rayonunda məskunlaşıb. 1993-cü ildə isə Qubadlıya Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar edilməsi səbəbindən məcburi köçkün düşüblər.
Şakir Orucov ifadəsində 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün düşdüyünü bildirib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında evlərinin talan edilərək yandırıldığını bildirib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində qardaşı oğlu Bərdədə şəhid olub.
Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Səmədov qardaşının 1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri ilə döyüşlər zamanı itkin düşdüyünü bildirib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Ramin Xəlilov Xocavənd rayonunda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində 2005-ci və 2007-ci illərdə yaralandığını söyləyib.