Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kellogla görüş keçirib.
"Unikal" xəbər verir ki, görüş Ağ Evdə baş tutacaq danışıqlara hazırlıq mərhələsi kimi qiymətləndirilir.
“Görüşə və komandamızla birgə əməkdaşlığa görə təşəkkür edirəm. Prezident Tramp bu gün Ukraynanı və digər Avropa ölkələrini Vaşinqtona dəvət edib. İlk dəfədir ki, görüş bu formatda keçirilir — bu, çox ciddi addımdır”, — Zelenski “Telegram” hesabında bildirib.
Dövlət başçısı vurğulayıb ki, Avropanın bir ölkəsində sülh məsələsi bütün qitəni maraqlandırır. O, müharibəni bitirmək və etibarlı təhlükəsizlik zəmanətləri qurmaq üçün “maksimum məhsuldar işləməyə” hazır olduqlarını qeyd edib.