RU

Universitetlər təhsil haqqını niyə bahalaşdırır? – AÇIQLAMA

Azərbaycanda ali təhsil müəssisələrinin ödənişli ixtisaslarında illik təhsil haqlarının artımı son günlər geniş müzakirə mövzusuna çevrilib. Ölkədə minimum əməkhaqqı 400 manat olduğu halda bəzi universitetlərin illik təhsil haqları 6-8 min manata qədər yüksəlib ki, bu da orta və aşağı gəlirli ailələr üçün əlçatmaz bir rəqəm kimi görünür.
"Azərbaycan müəllimi" həmin universitetlər barədə məlumatı təqdim edir:
İllik təhsil haqqının ən yüksək olduğu universitetlərin siyahısına ADA liderlik edir. Burada ixtisasların təhsil haqqı 6000-8000 manat arasında dəyişir. Azərbaycan Tibb Universitetində ixtisasların illik təhsil haqqı 5000-6500 manat arasındadır. Xəzər Universitetində bütün ixtisasların illik təhsil haqqı 4000-5000 manat aralığındadır. Qərbi Kaspi Universitetində bəzi ixtisaslarda təhsil haqqının 4000 manat olduğu görünür. Bakı Ali Neft Məktəbində "Biznesin idarə edilməsi" və "Maliyyə" ixtisaslarında illik təhsil haqqı 4500 manatdır. Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası da təhsil haqqı yüksək olan ixtisaslardandır. Burada illik təhsil haqqı 4500 manatdır. Bakı Musiqi Akademiyası da illik təhsil haqqıları yüksək olan ali təhsil müəssisələrindəndir. Burada əksər ixtisasların illik təhsil haqqı 4000 manat təşkil edir. Azərbaycan Milli Konservatoriyada isə iki ixtisasın illik təhsil haqqı 4000 manatdır. Bunlar "Vokal sənəti" və "Populyar musiqi və caz ifaçılığı" ixtisaslarıdır. 
Moderator.az-a danışan iqtisadçı Rauf Qarayev bildirib ki, ölkədə minimum əməkhaqqı 400 manatdır. İqtisadçı qeyd edib ki, büdcə sistemində çalışan şəxsin minimum 400 manat əməkhaqqın tutulmaları burada çıxsaq 350 manat əlinə alacaq məbləğ edir:
 
 “Azərbaycanda illik inflyasiya 2025-ci ilin aprel ayında 6,3 faizə yüksəlib. Bunu Statistika Komitəsi bildirir. Yəni maksimum 6.3%. 2016-cı ildə minimum əməkhaqqı 105 manat idi, Tibb Universitetinin müalicə işi fakultəsinin illlik ödənişi 3000 manat. Minimum əməkhaqqı alan ailənin başçısı uşağını orada ödənişli formada oxutmaq üçün 2 ildən çox işləyib, yemək qəbul etməsə, övladının  orada təhsil haqqını ödəyə  bilərdi. 2016-cı ildə infilyasiya 12% olub. Bu günə kimi rəqəmləri üst-üstə gəlsək 54% edir. Amma ödəniş 2.7 dəfə artıb. İnfilyasiya rəqəmi ilə hesablasaq 4620 manat illik ödəniş etməlidir. Amma hazırda 6500 manatdır. 1880 manat hansı prinsipi əsasən əlavə edilib? Analoji vəziyyət digər ali məktəblərin  ödənişli ixtisaslarında da eynidir. İqtisadi baxımdan artımın əsası olmalıdı”.
 
Təhsil eksperti Kamran Əsədov bildirib ki, son dövrlərdə bir sıra ali təhsil müəssisələrində təhsil haqlarının artırılması ilə bağlı yayılan məlumatlar, əslində təkcə qiymət məsələsi deyil, həm də təhsilin maliyyələşməsi, sosial ədalət, şəffaflıq və dövlətin bu sahəyə münasibəti baxımından daha dərin struktur problemləri ortaya çıxarır:
“Təhsil haqlarındakı artım rəsmi olaraq universitetlərin qərarı kimi təqdim olunsa da, bu prosesin arxasında həm normativ-hüquqi mexanizmlər, həm də dövlətin faktiki səssiz razılığı dayanır. Bunu təkcə iqtisadi səbəblərlə izah etmək mümkün deyil. Burada məsuliyyət daşıyan başlıca struktur Elm və Təhsil Nazirliyidir. Çünki bu nazirlik nə ictimaiyyətlə şəffaf ünsiyyət qurur, nə marifləndirici fəaliyyət göstərir, nə də qiymət artımının sosial nəticələrini əvvəlcədən proqnozlaşdırır.
Azərbaycanda ali təhsil müəssisələrinin bir çoxu publik hüquqi şəxs statusundadır və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən, tələbə ilə bağlanmış müqavilənin şərtləri həmin müqavilənin müddəti bitənə qədər dəyişdirilə bilməz. Bu o deməkdir ki, təhsil haqqı artımı yalnız yeni qəbul olunan tələbələrə şamil oluna bilər. Ancaq təəssüf ki, bəzi universitetlərdə bu prinsip pozulur, əvvəlki illərdə qəbul olunan tələbələrə də təzyiq və ya əlavə rüsum tətbiqi ilə ödəniş artımı dolayı yollarla həyata keçirilir. Bu isə ciddi hüquqi pozuntudur və nə Elm və Təhsil Nazirliyi, nə də Təhsil Tələbə Krediti Fondu bu halların qarşısını almaq üçün hər hansı mexanizm tətbiq etmir.
 
2025–2026-cı tədris ili üzrə təhsil haqlarında artım xüsusilə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin bəzi fakültələrində qeydə alınıb. İqtisadiyyat, maliyyə, biznesin təşkili, kompüter elmləri, informasiya texnologiyaları və beynəlxalq münasibətlər kimi ixtisaslarda təhsil haqları 2500–3500 AZN aralığından 3500–4500 AZN-ə qədər artırılıb. Ölkədə orta aylıq əməkhaqqının təxminən 950 manat (Dövlət Statistika Komitəsi, 2024) olduğu şəraitdə bu göstəricilər ali təhsilin geniş əhali təbəqələri üçün əlçatanlığını ciddi şəkildə məhdudlaşdırır”.
 
Təhsil ekspert qeyd edib ki, qiymət artımının əsaslandırılmasında inflyasiya və əməliyyat xərclərinin artımı göstərilir:
 “Bəli, 2024-cü ildə Azərbaycanda inflyasiya rəsmi olaraq 7,2% təşkil edib. Lakin bəzi universitetlərdə təhsil haqqı artımı bu göstəricinin 3–4 dəfə üzərindədir. Bu isə artımın inflyasiya ilə deyil, gəlir artırma niyyəti ilə bağlı olduğunu göstərir. Əgər inflyasiyaya uyğun indeksasiya tətbiq olunursa, bu zaman universitetlərin iqtisadi əsaslandırılmış təhlillərini ictimaiyyətlə bölüşməsi və hər bir artım qərarına dair hesabat təqdim etməsi vacib idi. Amma bu baş vermir. Elm və Təhsil Nazirliyi isə bu qiymət artımını nə monitorinq edir, nə də ictimai rəyə əsaslanan qərarlar verir. Onlar üçün universitetlərin “maliyyə müstəqilliyi” əsas arqumentdir. Lakin maliyyə müstəqilliyi sosial məsuliyyət və şəffaflıq prinsipi ilə uzlaşmadıqda bu, sistemli böhran yaradır.
Dünya təcrübəsinə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə – məsələn, Almaniya, Finlandiya və Norveç kimi ölkələrdə ali təhsil ya tamamilə pulsuzdur, ya da nominal rüsumla təklif olunur. Almaniyada dövlət universitetlərində bakalavr pilləsi üzrə təhsil haqqı yoxdur. Yalnız qeydiyyat rüsumları tələb olunur ki, bu da təxminən 250 avro ətrafındadır və tələbəyə nəqliyyat və sosial xidmətlər daxilində qaytarılır. ABŞ və Böyük Britaniya kimi ölkələrdə isə təhsil haqları yüksək olsa da, bu dövlətlərdə güclü təqaüd və tələbə krediti sistemləri mövcuddur. ABŞ-da federal hökumət tərəfindən verilən “FAFSA” kreditləri və Böyük Britaniyada “Student Loan Company” mexanizmi ilə tələbələrə təhsil haqqını tam əhatə edən və geri ödənişi işə başladıqları vaxt gəlir səviyyəsinə bağlı olan sistemlər təklif olunur. Azərbaycanda isə Təhsil Tələbə Krediti Fondu bu funksiyanı nə əhatə dairəsinə, nə də çevikliyinə görə yerinə yetirə bilmir”.
 
Kamran Əsədov vurğulayıb ki, bəzi universitetlər qiymət artımını maddi-texniki bazanın modernləşdirilməsi, müəllim heyətinin maaşlarının artırılması, beynəlxalq proqramlara inteqrasiya ilə əsaslandırır. Bu, müsbət haldır:
 “Əgər universitet təhsil haqqını artırırsa, bu, tələbəyə xidmətin də yüksəlməsi ilə paralel getməlidir. Amma praktika göstərir ki, qiymətlər qalxsa da, nə tədris proqramları müasirləşdirilir, nə də müəllimlərin əməkhaqqı artırılır. Universitetlərin böyük əksəriyyəti bu artımı sadəcə gəlir xəttini genişləndirmək üçün edir. Bu isə ali təhsilin kommersiyalaşması və sosial funksiyasının itib getməsi deməkdir.
Hazırkı şəraitdə bu artım prosesi davam edəcəksə, gələcəkdə ali təhsil sahəsində aşağı gəlirli ailələrin övladlarının universitetlərə daxil olma ehtimalı kəskin azalacaq. Bu isə sosial təbəqələşməni dərinləşdirəcək. Sosial ədalətin təmin olunması üçün paralel mexanizmlər tətbiq olunmalıdır. Genişmiqyaslı təqaüd proqramları, ehtiyacı olan tələbələr üçün qrant mexanizmləri və güzəştli kredit sistemləri formalaşdırılmalıdır. Həmçinin Elm və Təhsil Nazirliyi universitetlərin təhsil haqqı siyasətinə dair ictimai əsaslandırma və hesabatlıq tələb edən normativ sənəd qəbul etməlidir. Bu gün isə nazirlik bu sahədə tam passivdir. Nə ictimai dinləmələr keçirilir, nə universitetlər hesabat verir, nə də qiymət artımının sosial təsirlərinə dair dövlət strategiyası hazırlanır.
Nəticə etibarilə, təhsil haqlarının artırılması, əgər şəffaf və əsaslandırılmış şəkildə həyata keçirilirsə və tələbənin alacağı təhsilin keyfiyyəti artırılırsa, məqbul sayıla bilər. Amma Azərbaycanda bu proses həm hüquqi baxımdan qeyri-şəffaf, həm sosial baxımdan ayrı-seçkilik yaradan, həm də strateji baxımdan plansız şəkildə həyata keçirilir. Elm və Təhsil Nazirliyinin bu məsələyə müdaxilə etməməsi, ictimaiyyətə məlumat verməməsi və planlı addımlar atmaması, ali təhsilin sosial əhəmiyyətini gözdən salır. Dövlət təhsil strategiyası yalnız rəsmi sənədlərlə yox, real sosial siyasətlə həyata keçirilməlidir. Əks halda, universitetlər gəlir müəssisəsinə çevrilir, ali təhsil isə yalnız imkanlılar üçün əlçatan olur. Bu, gələcəyin bərabərsizliyinin bu gündən təməllərinin qoyulması deməkdir”.
 
Mehin Mehmanqızı
 
Избранный
2
moderator.az

1Источники