Bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin görüşü gözlənilir. Ardınca görüşə Avropa liderləri də qoşulacaq.
Modern.az-ın məlumatına görə, görüşdən əvvəl Zelenskinin geyim tərzi yenidən diqqət mərkəzinə düşüb.
Ağ Evdə keçirilən sonuncu Tramp-Zelenski sammitində Ukrayna liderinin geyimi müzakirələrə səbəb olmuşdu. Həmin görüşdə Zelenskinin hərbi stildə köynək geyməsi ABŞ mediasında tənqid olunub, hətta bəzi jurnalistlər onu müttəfiqlərə qarşı kifayət qədər minnətdarlıq göstərməməkdə ittiham ediblər.
“Axios” nəşri yazır ki, Zelenski bu dəfə də kostyum geyinməyəcək. O, iyunda Niderlandda keçirilən NATO sammitində geyindiyi qara pencəklə Ağ Evdəki görüşlərə qatılacaq.
“Əgər Zelenski bu gün kostyum geyinsəydi, bu, sülh əlaməti olardı. Amma biz ondan bunu gözləmirik”, - Trampın müşavirlərindən biri nəşrə bildirib. Bu fikir Zelenskinin imicinə dair diplomatik dairələrdə aparılan müzakirələrin hələ də davam etdiyini göstərir.
Qeyd edək ki, Zelenski fevral ayında Ağ Evdə Tramp ilə gərgin keçən görüşdən sonra artıq əvvəlki kimi hərbi formada görünmür. Bundan sonra Zelenski daha çox qara gödəkçə, tünd rəngli köynəklər və qalstuksuz, lakin rəsmi görünüşə üstünlük verməyə başlayıb. Ukraynanın ELLE jurnalı bu dəyişikliyi “vizual diplomatiyanın yeni forması” kimi xarakterizə edib.
İyunun 25-də Haaqada NATO sammitindən öncə təşkil edilən rəsmi şam yeməyində də Zelenski eyni üslubda iştirak edib. O, Britaniya baş naziri Keir Starmer və İtaliya baş naziri Giorgia Meloni ilə yanaşı qara pencəkdə görüntülənib.
Ukrayna ictimaiyyətində prezidentin qalstukdan imtina etməsi bəzən tənqid olunsa da, çoxları bunu cəbhədəki əsgərlərlə həmrəylik jesti kimi qəbul edir. Xarici müşahidəçilərə görə isə Zelenskinin bu geyim tərzi onun diplomatik mövqelərində ehtiyatlı, lakin prinsipial yanaşmasını simvolizə edir.
Beləliklə, bugünkü Tramp-Zelenski görüşündə də Ukrayna liderinin geyimi yalnız protokol məsələsi deyil, həm də siyasi mesaj kimi oxunacaq.
Elnur Əmirov