RU

"Bölgədə təhlükəsizlik tam təmin olunur" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış prosesinin bütün aspektləri — iqtisadi, siyasi və təhlükəsizlik yönümləri — diqqətlə nəzərə alınır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bölgədə təhlükəsizliyin təmin olunması üçün böyük ordu qüvvələri yerləşdirilib: "Buraya dağ qoşun komandoları, xüsusi təyinatlı bölmələr, yerli polis orqanları və yerüstü hərbi hissələr daxildir. Bu qüvvələr həm vətəndaşların, həm də geri qayıdan vətəndaşların təhlükəsizliyini qoruyan əsas amillərdir və bölgədə sabitliyin qorunmasında mühüm rol oynayırlar.

Son dövrlərdə şimal qonşumuzdan ölkəmizə müxtəlif təhdidlər yönəldilir ki, əslində bu, açıq bir şantaj xarakteri daşıyır. Dövlət olaraq biz bu təhdidlərin qarşısını almaq üçün bütün zəruri tədbirlərə hazırıq və buna tam səlahiyyətli şəkildə reaksiya veririk. Bununla belə, istər daxildən, istərsə də xaricdən dövlətimizi zəiflətməyə çalışan qüvvələr mövcuddur.

Şükürlər olsun ki, Azərbaycan beynəlxalq münasibətlər və strateji tərəfdaşlıq baxımından möhkəm dəstəyə malikdir. Qardaş Türkiyə və Pakistanla olan münasibətlər, eləcə də Türk Dövlətləri Təşkilatı, ölkəmizin suverenliyinin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu dəstək artıq praktik formata çevrilməkdədir və Azərbaycan dövlətinin bölgədə sarsılmaz mövqeyini daha da gücləndirir.

Beləliklə, həm güclü daxili təhlükəsizlik tədbirləri, həm də beynəlxalq tərəfdaşlıq şəbəkəsi Azərbaycan üçün sabit və etibarlı bir gələcək üçün əsas təminatdır. Bölgədə sülh və sabitliyin qorunması, həmçinin Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi bu cür hərtərəfli yanaşma sayəsində mümkün olur".

Müəllif: Günel Fərzəliyeva
Избранный
26
50
sia.az

10Источники