RU

Rusiya yenidən Azərbaycanın maraqlarını hədəf alır

Avqustun 17-də Rusiya Silahlı Qüvvələri yenidən Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə,  Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus yanacaqdoldurma terminalı zədələnib.

Dəqiq zərbələrdən sonra obyektlərdə güclü yanğın baş verib. Nəticədə bir neçə rezervuar, nasos stansiyası, operator otaqları, texniki və ölçü binaları, həmçinin ərazinin hasarı ciddi şəkildə dağıdılıb. Neft bazasının ümumi saxlanma tutumu 16 min kubmetrdən çoxdur.

Bu, Rusiya tərəfindən Ukrayna ərazisində SOCAR-a məxsus obyektlərə edilən ilk hücum deyil. Belə ki, 7-dən 8-nə keçən gecə Rusiya ordusu SOCAR-ın Odessadakı digər neft bazasına "Şahed" dronları ilə hücum edib və dizel boru kəmərii zədələnib. Dörd əməkdaş ağır xəsarət alıb.

Bundan əvvəl isə Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya  raket atəşinə məruz qalıb. Bu hücumlar Rusiyanın məqsədli şəkildə təkcə Ukraynaya deyil, üçüncü ölkələrin iqtisadi maraqlarına qarşı da hərbi gücdən istifadə etdiyini göstərir.

Moskva nə beynəlxalq hüquq normalarını, nə Alyaska sammitində verilən siqnalları, nə də Ukrayna iqtisadiyyatına sərmayə qoyan üçüncü ölkələrin suveren maraqlarını nəzərə alır. SOCAR regionun aparıcı enerji şirkətlərindən biri olmaqla, Ukraynada infrastrukturun bərpasına mühüm töhfələr verir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsinə baxacaq. Bu, həm də ikitərəfli münasibətlərin ciddi şəkildə yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

Bu hadisələr fonunda prezident İlham Əliyevin ABŞ-a səfəri və "Fox News" telekanalına verdiyi müsahibə də diqqət çəkir.

O, dekabrda baş verən AZAL təyyarəsinin vurulması ilə bağlı bildirib ki, Azərbaycan bunu qəsdən edilən hücum kimi qiymətləndirmir və yalnız faktın tanınması, günahkarların cəzalandırılması və tam kompensasiya tələb edir.

Lakin Ukraynada SOCAR infrastrukturu ilə bağlı baş verənlər artıq məqsədli və sistemli addımların atıldığını göstərir.

Rusiya Azərbaycanın enerji maraqlarına qarşı təzyiq siyasəti yürüdür və bu, regional sabitliyə ciddi təhdid yaradır.

Ekspertlərin fikrincə, Azərbaycan üçün bu hadisə bir daha sübut edir ki, ölkənin təhlükəsizliyi və iqtisadi inkişafı yalnız Türkiyə, Avropa İttifaqı və ABŞ ilə tərəfdaşlığın dərinləşdirilməsi ilə təmin oluna bilər.

N.Təbrizli

Избранный
20
25
anews.az

10Источники