RU

Beynəlxalq humanitar yardım xəritəsində Azərbaycanın yeri

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür

Ümumdünya Humanitar Yardım Gününün tarixi 2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. Bu günün təsis edilməsində əsas məqsəd insan həyatını xilas etmək üçün çalışanları xatırlamaq və bu nəcib məqsəd uğrunda canlarından keçən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir.

Humanitar yardım təbii fəlakət, müharibə, aclıq, epidemiyalar və ya digər fövqəladə hallarda insanların əsas həyati vacib ehtiyaclarını ödəmək üçün göstərilən beynəlxalq və ya yerli dəstəkdir. Bu yardımın sayəsində insan həyatı xilas edilir, aclıq, səfalət, xəstəlik çəkən insanlar üçün ümid cücərir. Humanitar yardım ən çox qida və tibbi yardım olaraq edilir, çünki bu gün səfalət, xəstəlik və müharibə kimi bəlaların ortasında qalan insanlar ən çox qidaya və dərmana ehtiyac duyur. Belə bölgələrə aclıq və qida çatışmazlığının qarşısını almaq üçün ərzaq məhsulları, xəstəliyin, epidemiyanın qarşısını almaq üçün isə dərman, tibbi avadanlıq, həkim dəstəyi yardımı olunur.

Bundan əlavə, humanitar yardımın bir növü kimi maliyyə yardımı da edilir, münaqişə zonalarındakı zərərçəkmişlərə pul vəsaiti və ya vauçer verilir, geyim və məişət əşyaları – paltar, ayaqqabı, gündəlik istifadə olunan gigiyenik vasitələr göndərilir, evlərini itirənlərə müvəqqəti sığınacaqlar yaradılır, çadır, konteyner evlər, yataqxana təşkili də humanitar yardımlardandır. Bütün bunlardan əlavə psixoloji və sosial dəstək də travma yaşamış insanlara yardım sayılır.

Humanitar yardım göstərən beynəlxalq təşkilatlar əsasən BMT, Qırmızı Xaç, UNICEF, UNHCR-dir. Bundan əlavə dövlətlər birbaşa yardımlar göndərə bilir, qeyri-hökumət təşkilatları və fondlar, habelə fərdi şəxslər və könüllülər də yardım kampaniyası təşkil edə bilər, amma bu daha çox xeyriyyə kampaniyası olur.

Humanitar yardım ilə xeyriyyə yardımı arasında fərq var. Məsələn, humanitar yardımın göstərilməsindəki əsas məqsəd fövqəladə vəziyyətlərdə - müharibə, təbii fəlakət, aclıq, epidemiya hallarında insanların həyatda qalmasını təmin etməkdir. Bu yardımlar əsasən təcili, qısa müddətli və həyati vacib ehtiyaclar ehtiva edir, qida, dərman, sığınacaq, tibbi yardım, təxliyə, təmiz su təminatı olur. Bu cür yardımları əsasən beynəlxalq təşkilatlar həyata keçirir.

Xeyriyyə yardımının məqsədi də insanlara daha yaxşı bir həyat standartı təmin etməkdir, bu yardım da cəmiyyətin sosial həssas təbəqələrinə uzunmüddətli dəstək vermək, həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi güdür. Maddi yardım, təhsil üçün təqaüd, pulsuz yeməkxana, uşaq evlərinə dəstək, xəstə uşaqlar üçün müalicə xərclərinin ödənilməsi xeyriyyə yardımlarına daxildir. Bu cür yardımları daha çox xeyriyyə fondları, iş adamları, könüllülər, fərdi şəxslər edir. Humanitar yardımlar insanlar ölməsin, həyatda qalsın ehtiva edirsə, xeyriyyə yardımı insanlar daha yaxşı yaşasın düşüncəsini ehtiva edir.

Bizim dövlətimiz həm humanitar, həm də xeyriyyə yardımları ilə tanınan və sosial yükünü bilən dövlətlər arasındadır. Azərbaycan dünyanın müxtəlif regionlarında qeydə alınan təbii fəlakətlər, müharibələr, pandemiya və ərzaq böhranı kimi fövqəladə hallarda yardım göndərib. Məsələn, 2022–2024-cü illərdə Azərbaycandan Ukraynaya humanitar yardım həcmi cəmi 70 milyon manat edib. Bu yardım ərzaq, dərman və enerji infrastrukturunun bərpasına yönəldilmiş avadanlıqlar olub. 2025-ci ildə Prezident İlham Əliyev Ukraynaya əlavə 1 milyon ABŞ dolları məbləğində yardım ayırıb ki, bu vəsait də enerji infrastrukturu üzrə elektrik avadanlığının alınmasına sərf olunub.

2023-cü ildə Türkiyənin vilayətlərində baş verən zəlzələdən sonra Azərbaycan 420 nəfərlik axtarış və xilasetmə qrupu, tibb avadanlığı, çadırlar, yataq dəstləri və digər zəruri yardım materiallarını göndərən ilk ölkə oldu. Ölkəmiz pandemiya dövründə də müxtəlif ölkələrə və təşkilatlara dəstək göstərmişdi. Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya-Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldovaya edilən yardımlar buna misal ola bilər. Azərbaycan dövləti həmçnin Ümumdünya Səhiyyə Təşkilatına (WHO) 5 milyon dollarlıq, ISESCO və UNRWA-ya həm maddi, həm humanitar yardım etmişdi. COVID-19 vaksinasiyası çərçivəsində ölkəmiz Özbəkistan, Qırğızıstan, Tacikistan və Bosniya-Herseqovinaya AstraZeneca vaksinləri göndərmişdi.

Dövlətimizin yardım siyasəti yeni deyil, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan beynəlxalq yardım kampaniyalarında həmişə əhəmiyyətli paya sahib olub. 2017-ci ildə ərzaq böhranı ilə üzləşən Somali, Yəmən, Cənubi Sudan, Şimali-Şərqi Nigeriyaya AIDA vasitəsilə 50,000 ABŞ dolları yardım göndərilib, Burundiyə 30,000 ABŞ dolları məbləğində humanitar yardım verilib, Tanzaniya, Konqo, Ruanda və Uqandadakı qaçqınlara yardım yönəldilib. 2020-ci ildə İrandakı şiddətli daşqınlar zamanı 950,000 manatlıq humanitar yardım göndərilib. Yəməndə humanitar layihələr yerinə yetirilib, Nepaldakı 2025-ci il zəlzələsində, Filippindəki Haiyan fırtınasında, Serbiya, Bosniya-Herseqovina və Pakistandakı təbii fəlakətlərdə bu ölkələrə yardım göndərilib.

Ölkəmizin Afrika ölkələri üzrə görmə qabiliyyətini itirmiş insanlara əməliyyat ilə yardım kampaniyası da bütün dünyada böyük rəğbətlə qarşılandı, Afrika ölkələrində katarakt əməliyyatları, Sudan regionunda içməli su layihələri həyata keçirildi, Ebola ilə mübarizəyə 1 milyon dollar ayrıldı. O cümlədən, 2017-ci ildə Cibutidə içməli su, qida və gündəlik ehtiyac üçün yardım göndərildi. Ümumilikdə, dövlətimiz 30-dan çox ölkəyə və bir neçə beynəlxalq təşkilata yardım göstərir, bu da ölkəmizin beynəlxalq humanitar dəstək rezervində əhəmiyyətli postda olmasından xəbər verir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
50
sesqazeti.az

10Источники