RU

Trampdan heyrətamiz taktika: Rusiyanı məcburetmə əməliyyyatı başlayır

  Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda mühüm siyasi proseslər cərəyan edəcək. Belə ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı liderləri ilə danışıqlar aparacaq. Ekspertlər bu görüşü Ukrayna müharibəsinin yekunlaşması üçün keçirilən ən genişmiqyaslı danışıqlar kimi xarakterizə edirlər.

Referans  xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu gün Vaşinqtonda keçiriləcək Tramp–Zelenski görüşü Ukrayna müharibəsi ilə bağlı yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir:

“Görüşün əhəmiyyətini artıran əsas məqam ondan ibarətdir ki, Zelenskiyə yalnız ABŞ-ın deyil, həm də Avropa liderlərinin dəstəyinin müşayiət olunması gözlənilir. Bu, prosesin təkcə ikitərəfli yox, daha geniş – Qərbin kollektiv siyasi iradəsini ifadə edən formatda aparıldığını göstərir.

Müzakirələrin nəticəsi kimi ABŞ prezidentinin Rusiya və xüsusilə Putinlə bağlı mövqeyində kəskin dəyişiklik gözlənilmir. Tramp administrasiyasının siyasəti bir tərəfdən Moskva ilə dialoq kanallarını açıq saxlamaq, digər tərəfdən isə sərt sanksiya və təzyiq imkanlarını gündəmdə saxlamaq üzərində qurulub. Yəni Vaşinqton üçün prioritet müharibəni dayandırmaq, amma bunu Ukraynanın ərazi bütövlüyünü qurban vermədən etməkdir”.


Politoloq qeyd edib ki, Tramp Avropanı vahid mövqeyə gətirməyi bacarıb:

“Avropa dövlətləri əvvəllər Ukrayna böhranında bir-birindən fərqli yanaşmalar sərgiləyirdilər, indi ABŞ-la birgə Putinə qarşı daha sıx koordinasiya olunmuş cəbhə formalaşdırmaq zərurətini qəbul edirlər. Başqa sözlə, Avropa liderləri Vaşinqtona Trampa qarşı deyil, əksinə, onun vasitəçiliyi ilə Rusiyaya qarşı birgə mövqe nümayiş etdirmək üçün gedirlər.

Beləliklə, bu gün keçiriləcək görüşdə əsas hədəf Ukrayna üçün vahid Qərb dəstəyini nümayiş etdirmək və Moskvanı danışıqlara məcbur etməkdir. Əgər proses uğurlu alınarsa, ABŞ-ın diplomatik mövqeyi güclənəcək və Avropa da daha koordinasiyalı şəkildə Ukraynanın yanında dayanacaq. Nəticədə Trampın bu görüşdən ən böyük qazancı yalnız Kiyevin deyil, həm də Avropa paytaxtlarının dəstəyini vahid platformada toplamaq olacaq”.  

Избранный
39
40
referans.az

10Источники