RU

Vətəndaşlar kredit təşkilatlarının israrlı zənglərindən narazıdır

Bəzi vətəndaşlar kredit və maliyyə təşkilatlarının, eləcə də vasitəçi şirkətlərin gün ərzində dəfələrlə zəng etməsindən şikayət edirlər.

AzPost xəbər verir ki, onların sözlərinə görə, bəzən heç bir borcu olmayan şəxslərə belə müxtəlif nömrələrdən zənglər daxil olur və guya başqa şəxslərin borcu ilə bağlı narahatlıqlar yaradılır.

Şikayətçilər bildirirlər ki, bloka atıldıqları halda belə, hər gün yeni nömrələrdən zənglər davam edir və bu hal gündə azı iki-üç dəfə təkrarlanır. Vətəndaşların fikrincə, bu cür hallar şəxsi həyatın toxunulmazlığına ziddir və psixoloji narahatlıq yaradır.

Hüquqşünasların sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, vətəndaşın razılığı olmadan təkrar-təkrar reklam və ya borc xatırlatma zənglərinin edilməsi şəxsi həyata müdaxilə hesab olunur. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu və Mülki Məcəllə bu məsələlərdə istehlakçıların hüquqlarını qoruyur. Bundan əlavə, “Şəxsi məlumatlar haqqında” Qanuna görə, vətəndaşın şəxsi nömrəsinə icazəsiz müraciətlərin edilməsi qanunsuz sayılır.

Mütəxəssislər qeyd edirlər ki, vətəndaşlar belə hallarda şirkətin özünə yazılı müraciət etməklə yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, eləcə də hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər. Əgər narahatlıqlar davam edirsə, məhkəmə qaydasında mənəvi zərərin ödənilməsi də tələb oluna bilər.

AzPost.az

Избранный
35
3
azpost.info

10Источники