RU

Mərhəmətlidir nə demək? - Tural İrfan yazır

Dini mətnlərin zahirinə baxanda Yaradana "qəzəblənmək" kimi hisslərdən doğan sifətlər şamil edilir. Qəzəb kənar təsirdən doğur və hissdir. Nəsrədiddin Tusi kimi filosof-psixoloqlar qəzəbi hətta mənəvi nöqsan, xəstəlik kimi xarakterizə ediblər. Qəzəb, hirs, bəşərə xas hissdir. Kənar müdaxilə yaxud hadisələrin subyektə təsiri nəticəsində ortaya çıxır.
Çox zaman da qəzəbin nəticəsində qəbul edilən qərarlar peşmanedici və ədalətsiz olur. Quranda eyni zamanda Allahın səbrli olması da qeyd edilir. Səbr ehtiyacdan doğur. Allahın qəzəbə və səbrə ehtiyacı yoxdur. Quranda Yaradana aid edilən ad və sifətlər məcazidir, insanın anlaması və təsəvvür yaranması üçündür.
Səbr yaxud səbrsizlik də təsirdən yaranır. Ədalətə müxalifdir. Elə məqam var ki, orada səbrli olmaq zülmdür. Elə yer var ki, səbrsiz olmaq zülmdür. Allahın ədalətə də ehtiyacı yoxdur, amma adildir. Onun adilliyi ehtiyacdan doğmur, zatının əlamətidir.
Allah haqqında konkret səbrli sifəti təsəvvür etmək o deməkdir ki, yəni, səbrsiz də ola bilər, amma səbrlidir. Yəni, təsir qəbul edir, qəzəblənir, amma səbrini basır, dözür...
Əslində isə Allahın adil olması bütün elementləri özündə ehtiva edir. Adil olana da qəzəb ehtiyac deyil. Çünki canlı varlıq yaratmaq, idarə etmək üçün ədalət lazımdır. Ədalətli qərar qəbul edəndə isə mərhəmət yaxud qəzəb həmin ədalətə xələl gətirmir.
Qəzəb də ədalətə ziddir. Özü də bəzi mətnlərin zahirinə görə sanki Allah qəzəblənən zaman nəyisə dağıdır, məhv edir, tutaq ki, insanların hansısa günahına görə hiddətlənir və. s. Əgər bunu səthi qəbul etsək belə çıxır ki, o da insan kimi hisslərə qapılır. Hansısa prosesi qəzəbin təsiri ilə həyata keçirir. Bu, əsla Uca Yaradana şamil ediləsi qayda deyil. Allah ədalətli, adildir. Hiss, təsir qəbul edib qərar vermir. Ədalətli, obyektiv şəkildə iradə edir. İradəsinə də sevinc, kədər, qəzəb, hirs kimi elementlər təsir etmir.
Allahın ədaləti kifayət edir. Mərhəmətlidir nə demək? Yəni, bəraət verə bilir. Ədalətinə əsasən cəhənnəmlik olan şəxsi mərhəmətinə görə əfv edə bilirsə bu, onun zati humanizmidir. Amma elə edir ki, bu, onun adilliyinə zidd olmur, xələl gətirmir, başqasının haqqının aradan getməsi bahasına başa gəlmir. Ədalətinə görə cənnətlik olan şəxsi də, məcazi mənada işlənən "qəzəb"inə görə cəhənnəmlik edirsə bu, hadisələrin onun qərarına təsir etməsi demək deyil. Bunu da ədalət nizamına və mizanına əsasən, haqlı olaraq edir.
İnsan isə fərqlidir. Kövrəlib, yumşalıb, təsirlənib ədalət baxımından əfv edilməyəsi bir cinayətkarı bağışlaya bilər. Yaxud qəzəblənib, hissə qapanıb günahsız birinə cəza verə bilər.
Yaradanın rəhmi və qəzəbi məcazidir, insanda olan hisslərdən deyil.
Tural Irfan, dinşünas
Избранный
39
26
news365.az

10Источники