RU

Bioloji yaşın müəyyənləşdirilməsi üçün dəqiq üsul yaradılıb

Qüds Yəhudi Universitetinin alimləri tam genom analizinə ehtiyac olmadan bioloji yaşın müəyyənləşdirilməsi üçün dəqiq metod hazırlayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Cell Reports" elmi jurnalında dərc olunub.

Bu metod çoxlu genetik materialın təhlilini tələb edən digər üsullardan fərqli olaraq, "MAgeNet" (xronoloji yaş proqnozu üçün dərin neyron şəbəkəsi - red.) sadəcə iki kiçik DNT sahəsini analiz edir. Bu sahələrdə "metil işarələri" toplanır.

Metilləşmə — DNT molekuluna metil qruplarının birləşdirilməsi prosesidir. Bu, genlərin ardıcıllığını dəyişmir, lakin onların fəaliyyətini tənzimləyir. Yaş artdıqca metilləşmə "naxışı" daha xarakterik hala gəlir və bu, insan orqanizminin nə qədər yaşlandığını müəyyən etməyə imkan verir.

Tədqiqatçılar bu dəyişiklikləri oxumaq üçün süni intellektdən istifadə ediblər. Onlar neyron şəbəkəni yaşlanma ilə əlaqəli molekulyar imzaları tanımağa öyrədiblər. Bu yanaşma, 50 yaşdan aşağı şəxslərdə bioloji yaşın təyinində cəmi 1,36 il səhvlə yüksək dəqiqlik əldə etməyə imkan verib.

Araşdırmanın rəhbəri professor Yuval Dor deyib:

"Bu, sadəcə epigenetik saat deyil, burada təsadüfi faktorlar aydın qanunauyğunluqlarla birləşir".

Bundan əlavə, alimlər müəyyən ediblər ki, yaşlanma prosesi DNT-də bərabər şəkildə deyil, "sıçrayışlarla" baş verir: "Sanki hüceyrələr vaxtaşırı daxili saatlarını yoxlayırlar".

Alimlərin fikrincə, yeni metodun tibbdə tətbiqi həkimlərə xəstənin bioloji yaşını daha dəqiq müəyyən etməyə, diabet, demensiya və ya ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağa kömək edəcək. Gerontologiya (insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrən elm sahəsi - red.) sahəsində isə "MAgeNet" həyat tərzi, pəhriz və ya dərmanların hüceyrə proseslərinə necə təsir etdiyini araşdırmaq üçün yeni imkanlar aça bilər.

Bu metodun başqa bir üstünlüyü onun aşağı maliyyəti olmasıdır. Cəmi iki DNT sahəsinin analizinə əsaslandığı üçün tam genom analizindən qat-qat ucuz başa gəlir. Lakin hələlik bu metod yalnız sağlam könüllülər üzərində sınaqdan keçirilib.

Избранный
17
27
azedu.az

10Источники