RU

Çinlə Orta Dəhliz əməkdaşlığının hədəfləri

Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm seqmenti olan Bakı Dəniz Ticarəti Limanının infrastruktur imkanlarının genişləndirilməsi, tranzit və logistika xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun da nəticəsində Bakı Limanının həm regional, həm də qlobal ticarətdə əsas logistik mərkəz kimi əhəmiyyəti getdikcə artır.

Bugünlərdə Çinin Bakıdakı səfiri xanım Lu Mey “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Limanı”na baş çəkib. Qurumdan verilən məlumata əsasən, səfir “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov ilə görüşüb. Burada qonaqlara limanın infrastruktur imkanları, son illərdə qazanılan uğurlu nəticələr, eləcə də iki ölkə arasında yükdaşımalar sahəsində əldə edilən göstəricilər barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, ikitərəfli əməkdaşlığın inkişafı və Orta Dəhliz çərçivəsində tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bakı Limanının Orta Dəhlizin mühüm tranzit mərkəzlərindən biri kimi strateji əhəmiyyətini vurğulayan E.Salahov Çindən Avropaya uzanan yük axınlarının daha səmərəli və sürətli şəkildə həyata keçirilməsi üçün birgə səylərin önəmini qeyd edib.

Səfir Lu Mey isə öz növbəsində Çin şirkətlərinin Orta Dəhlizdən istifadə imkanlarını yüksək qiymətləndirərək iki ölkə arasında ticarət və logistika əlaqələrinin daha da gücləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini bildirib.

Qeyd edək ki, 2024-cü ilin 7 ayı ərzində Bakı Limanından keçməklə Çindən Qərb, eləcə də əks istiqamətdə, o cümlədən Azərbaycanın Çinlə ticarət dövriyyəsi üzrə ümumi yükaşırma həcmi 360 min ton təşkil etdiyi halda, bu ilin eyni dövründə həmin göstərici 3 faiz artaraq 371 min tondan çox olub. Xüsusilə konteyner daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 105 faizdən çox artım qeydə alınıb. Bu ilin birinci yarısında Bakı Limanından keçməklə Çindən Qərb və əks istiqamətə, ümumilikdə, 25 min 611 TEU ekvivalentində konteyner daşınıb.

Əməkdaşlığın gedişində Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə yükdaşımalarda artım dinamikası müşahidə olunur. Belə ki, 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edildiyi halda, artıq bu ilin 7 ayı ərzində bu göstərici 225 blok-qatar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında, ümumilikdə, blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 2 dəfə çoxdur.

Bu ilin əvvəllərində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. 3 ölkənin birgə müəssisə çərçivəsində əməkdaşlığı Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə, “vahid pəncərə” vasitəsilə müştəri rahatlığının artırılmasına yönəlib. Bugünlərdə isə Çinin “China Railway Container Transport Corp. Ltd.” şirkəti də sözügedən müəssisəyə qoşulub. Heç şübhəsiz, bu da Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərinin təşkili üçün yeni imkanlar yaradacaq.

Son illər beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkanda yerləşən Azərbaycan və Çin Xalq Respublikası yükdaşıma sahəsində fəal əməkdaşlıq edirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmiz Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ilk dövlətlərdən biri olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Ümumilikdə, Böyük İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan ölkəmizin nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Bundan əlavə, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, dünyanın ən böyük ixracatçı və ikinci ən iri idxalçı ölkəsi olan Çinin də Azərbaycanın son dərəcə geniş imkanlara malik bu nəhəng nəqliyyat-logistika sahələrinə marağı getdikcə artır.

 

Избранный
27
16
xalqqazeti.az

10Источники